
Bakı. Trend:
Amerika–Azərbaycan Ticarət Palatası (USACC) Palatanın 30 illiyi
münasibətilə ABŞ–Azərbaycan ticarət və biznes konfransı
keçirəcək.
Trend bu barədə
USACC-yə istinadən xəbər verir.
Martın 10-da baş tutacaq konfrans ABŞ və Azərbaycanın dövlət
qurumlarının yüksək vəzifəli nümayəndələrini, biznes dairələrini,
investorları və maliyyə sektorunun təmsilçilərini bir araya
gətirəcək. Konfrans iki ölkə arasında iqtisadi əməkdaşlığın
genişləndirilməsinin müzakirəsinə həsr olunacaq.
USACC bu tədbiri əldə olunmuş nailiyyətlərin, mövcud
tendensiyaların təhlili və ABŞ ilə Azərbaycan arasında ikitərəfli
ticarətin, investisiyaların və innovativ əməkdaşlığın
gücləndirilməsinə yönəlmiş gündəliyin formalaşdırılması üçün bir
fürsət kimi qiymətləndirir.
USACC təsis edildiyi vaxtdan (1995-ci ildən) ABŞ və Azərbaycan
arasında ticarət, iqtisadi və mədəni əlaqələrin inkişafı üçün
aparıcı platforma rolunu oynayır. Palata son 30 il ərzində dövlət
və özəl sektorlar arasında dialoqun qurulmasında, ticarətin
təşviqində, biznesin şaxələndirilməsində və iki ölkə arasında
iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayıb.

