
Bakı. Trend:
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə müraciəti 2025-ci ilin uğurlarına qısa
baxış əsasında Yeni ilin hədəflərinin təqdimatı oldu. Yeni il yeni
hədəflərin müəyyənləşdirilməsi, möhtəşəm uğurlara gedən yolun
başlanğıcıdır. Möhkəm təməl, düşünülmüş siyasət Azərbaycana daim
uğurlar, zəfərlər qazandırır, hər dövrün çağırışlarının yüksək
səviyyədə yerinə yetirilməsini şərtləndirir. Müraciətində “2025-ci
il arxada qaldı. Bu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il
olmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq
şəraitində yaşamışdır. Xalq-iqtidar birliyi bizim uğurlarımızın
əsas amilidir” söyləyən Prezident İlham Əliyev bu əminliyi də ifadə
etdi ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq,
ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra
ediləcəkdir. 2025-ci ildə şanlı Zəfərimizin beşinci ildönümünü
böyük fəxarət hissi ilə qeyd etdik, tarixi Zəfərimiz bizimlə əbədi
olacaq.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.
“Diqqəti 2025-ci ildə keçirilən Zəfərimizin beşinci ildönümünə
həsr olunmuş Hərbi parada yönəldən Prezident İlham Əliyev bildirdi
ki, paradda son illər ərzində ordu quruculuğunda görülmüş işlərin
bir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirildi. Son 5 il
ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə
artırıb. Yeni silahlar və texnika ilə təchiz edilmiş Ordumuz bu gün
istənilən vəzifəni icra etməyə qadirdir. Son 5 ildə həm yerli
istehsal olan silah və texnikadan istifadə edərək, eyni zamanda,
xaricdən aldığımız silah və texnikanı Ordumuzun potensialına əlavə
edərək hərbi gücümüzü böyük dərəcədə gücləndirə bildik. Silahlı
Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı. Xüsusi
Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı, yeni
yaradılmış Komando Qüvvələrinin say tərkibi minlərlə əsgər və
zabitdən ibarətdir. Prezident İlham Əliyev bu çağırışı da etdi ki,
biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada
qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz
təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada
beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır”
prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib.
Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan
halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz
seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq”, -Vüqar
Rəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, son beş il tarixi
Zəfərimizi beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək,
təsdiqləmək istiqamətində atılan addımlarla zəngin oldu.
Azərbaycanın tarixi ədalətə, beynəlxalq hüquqa söykənən siyasətinə
dəstək, Zəfərimizin yaratdığı reallıqların dünya miqyasında qəbulu
son beş ildə Azərbaycanın xarici siyasət uğurlarında özünün aydın
ifadəsini tapır. Bunun üçün təkcə 2025-ci ildə Prezident İlham
Əliyevin xarici ölkələrə, həmçinin müxtəlif ölkələrin liderlərinin
Azərbaycana səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir.
Prezident İlham Əliyev hər bir səfər çərçivəsində keçirilən
görüşlərdə diqqəti tarixi Zəfərimizə və suverenliyimizin tam
bərpasına yönəldərək bölgədə dayanıqlı sülhün təmin edilməsi,
Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün ölkəmizin
qarşı tərəfə ünvanladığı sülh təklifindən,onun reallaşması
istiqamətində atılan addımlardan geniş bəhs edir. Prezident İlham
Əliyev sözügedən müraciətində diqqəti məhz bu reallıqlara
yönəldərək bildirdi ki, bütün dünya bizim Zəfərimizi qəbul edir və
bizim haqlı olduğumuzu əyani şəkildə görür. Ermənistan-Azərbaycan
münaqişəsini həll etmək üçün mandat almış Minsk qrupu isə tarixin
arxivinə göndərildi. Beləliklə, Qarabağ münaqişəsi artıq beynəlxalq
gündəlikdən tamamilə silinmişdir. Zəfər çalmış ölkə kimi biz məğlub
edilmiş Ermənistana sülh əlimizi uzatdıq. Bu da bizim uzaqgörən
siyasətimizin təzahürüdür. Biz əbədi müharibə aparmaq fikrində
deyilik. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Biz öz
ərazi bütövlüyümüzü bərpa etmək üçün silahdan istifadə edərək, BMT
Nizamnaməsi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri
əsasında öz suveren hüquqlarımızı təmin etmişik. Vətən
müharibəsindən cəmi beş il keçəndən sonra Ermənistanla paraflanmış
sülh müqaviləsi bir daha xalqımızın böyüklüyünü və bizim
siyasətimizin müdrikliyini göstərir. Biz cəmi beş ilə yaxındır ki,
de-fakto sülh şəraitində yaşayırıq. Biz döyüş meydanında qan
tökərək, şəhidlər verərək şanlı Qələbə qazanmışıq və bu Qələbəni Ağ
Evdə, Amerika Prezidentinin iştirakı ilə möhürlədik.
Vüqar Rəhimzadə vurğulayıb ki, son beş ilin mühüm
reallıqlarından biri də işğaldan azad edilmiş ərazilərimizdə
genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, soydaşlarımızın
mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışıdır. Azad Qarabağımız
və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir. Bu ərazilərimizdə
soydaşlarımızın yüksək səviyyədə yaşayışının təmin edilməsi üçün
bütün zəruri işlər görülür. Azərbaycanın son beş ildə Böyük Qayıdış
Proqramı çərçivəsində gördüyü işlərin miqyası ölçüyəgəlməzdir. Bu,
ölkəmizin iqtisadi və maliyyə imkanlarının, eyni zamanda, 30 il
torpaq həsrəti ilə yaşayan xalqımızın necə qurucu xalq olduğunun
nümayişidir. Xalqımız bu günləri böyük səbirsizliklə gözləmişdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
rəşadətli Ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində sahibinə
qovuşan torpaqlarımız sevincli günlərini yaşayır. Prezident İlham
Əliyev Yeni il müraciətində bildirdi ki, Böyük Qayıdış Proqramı
uğurla icra edilir. Artıq 70 minə yaxın insan işğaldan azad edilmiş
ərazilərdə yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd,
qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl şərait
yaradılmışdır. Prezident İlham Əliyev tarixi Zəfərimizin
reallıqları fonunda bu reallığı da qeyd etdi ki, biz beynəlxalq
mövqelərimizi böyük dərəcədə möhkəmləndirə bildik. Bu gün
Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar. Təsadüfi deyil ki,
dünyanın aparıcı beynəlxalq aktorları Azərbaycanla əməkdaşlıq etmək
üçün müxtəlif təkliflər irəli sürürlər. Bizim xarici siyasətimiz
çoxşaxəlidir, bu siyasət bir çox istiqamətlər üzrə uğurla
aparılır.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev müraciətində
Azərbaycanın xarici siyasət uğurları sırasında ev sahibliyi etdiyi
tədbirlərdən də bəhs etdi. 2025-ci ildə ölkəmizdə bir çox mötəbər
beynəlxalq tədbirlər keçirildi. Bunların arasında işğaldan azad
edilmiş Xankəndidə ECO-nun Zirvə Görüşünü, Qəbələdə Türk Dövlətləri
Təşkilatının Zirvə Görüşünü qeyd edə bilərik. O da vurğulandı ki,
bir çox beynəlxalq təşkilatlarla sıx əlaqələrimiz bizim
maraqlarımıza uyğundur. Hər bir çıxışı, müraciəti mühüm
çağırışlarla zəngin olan Prezident İlham Əliyevin sözügedən
müraciətində də gələcəyimizə yönələn hədəflər öz əksini tapmışdır.
“Biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq. Biz
heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə
bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz
müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç
kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və
verməyəcəyik ki, bizim işimizə qarışsın” söyləyən Prezident İlham
Əliyev qeyd etdi ki, tədricən hər kəs belə cəhdlərin sayının da
kəskin azaldığını görür. Çünki bunun heç bir mənası yoxdur. Bizə
təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur. Bizim
güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz,
iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız
və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz
iradəsini diktə edə bilməz.
Vüqar Rəhimzadə ölkəmizin hərtərəfli inkişafında stimulverici
amil olan iqtisadi tərəqqidən də bəhs edib. Reallıq budur ki,
Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə daim dünyanın
diqqətindədir. Ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində
qurması Azərbaycanın davamlı inkişafında əhəmiyyətli rol oynayır.
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft
strategiyasının son 22 ildən artıq dövrdə Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi sosial-iqtisadi
göstəricilərimizdə öz təsdiqini tapır. Prezident İlham Əliyev ilk
gündən bu çağırışı etdi ki, iqtisadi tərəqqi yalnız rəqəmlərdə
deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır.
Prezident İlham Əliyevin Yeni il müraciətində də əsas diqqət
yönəltdiyi məsələlərdən biri iqtisadi tərəqqi oldu. Bildirdi ki,
valyuta ehtiyatlarımız tarixi rekord həddə çataraq 80 milyard
dollardan çoxdur. Xarici borcumuz daha da aşağı düşüb, bu gün
ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir. Bir halda ki,
bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur.
Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir və
təsadüfi deyil ki, dünyanın aparıcı reytinq agentlikləri
Azərbaycanın kredit reytinqini qaldırıblar – investisiya reytinqini
müsbət reytinq səviyyəsinə qaldırıb.
Vüqar Rəhimzadə vurğulayıb ki, bu qeydlərimizdə 2025-ci ilin
tariximizə yazdığı uğurların yalnız az bir hissəsini diqqətə
çatdırdıq. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün
sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin əsas
çağırışlarından biri məhz budur ki, güclü Azərbaycan həmişə bizim
hədəfimiz olub. Təbii ki, bu hədəf özündə mühüm məqamları ehtiva
edir. Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla irəliləməsini
şərtləndirən əsas faktor düşünülmüş siyasəti ilə ölkəmizi
Zəfərlərdən Zəfərlərə aparan, dövlətinə, xalqına bağlı Liderdir.
Prezident İlham Əliyev Yeni il müraciətinin əvvəlində də
uğurlarımızda xalq-iqtidar birliyinin rolunu xüsusi vurğuladı.
Prezident İlham Əliyev, həmçinin müraciətində bir daha bu çağırışı
da səsləndirdi ki, dünyada yaşayan bütün azərbaycanlılar
bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan
dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi
ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir
azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi –
azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz
birləşdirir. Azərbaycanlılar hansı ölkədə yaşamalarından asılı
olmayaraq, bilirlər və bilməlidirlər ki, onların Ana Vətəni
müstəqil Azərbaycan dövlətidir.

