Trampın qərarı, İranın cavabı: 5 il əvvəl dünyanı silkələyən HADİSƏ

Baş səhifə

5 il əvvəl – 3 yanvar 2020-ci ildə ABŞ-ın Bağdad hava limanı yaxınlığında pilotsuz uçuş aparatı ilə endirdiyi zərbə Yaxın Şərqi və bütövlükdə dünyanı yeni müharibə təhlükəsi ilə üz-üzə qoydu.

Modern.az xatırladır ki, zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymani öldürüldü. Hadisə Tehran–Vaşinqton münasibətlərində illərlə yığılan gərginliyi pik həddə çatdırdı və qlobal miqyasda ciddi siyasi rezonans doğurdu.

Qasım Süleymani İran üçün təkcə hərbi fiqur deyildi. O, SEPAH daxilində və xüsusilə “Qüds” qüvvələrinin rəhbəri kimi İranın regional strategiyasının əsas memarlarından sayılırdı. Süleymani İraq, Suriya, Livan və Yəməndə İranın təsir imkanlarının genişlənməsində mühüm rol oynamış, “İŞİD”ə qarşı mübarizədə Tehranın əsas hərbi simalarından biri kimi təqdim edilmişdi. İran hakimiyyəti və tərəfdarları onu milli qəhrəman, regionda İranın təhlükəsizliyini qoruyan əsas sima kimi dəyərləndirirdi.

Süleymaninin ölümü sonrası İranda keçirilən dəfn mərasimləri milyonlarla insanın iştirakı ilə baş tutdu. Lakin bu mərasimlər faciəsiz ötüşmədi. Kerman şəhərində izdiham nəticəsində baş verən sıxlıqda onlarla insan həlak oldu, yüzlərlə şəxs xəsarət aldı. 

ABŞ Prezidenti Donald Tramp sonradan verdiyi açıqlamalarda Süleymaninin öldürülməsi barədə qərarı şəxsən verdiyini bildirmişdi. Trampın sözlərinə görə, Vaşinqton bu addımı ABŞ diplomatlarına və hərbçilərinə qarşı mümkün hücumların qarşısını almaq üçün atmışdı. İran isə bunu “dövlət terroru” adlandırdı və cavab olaraq İraqdakı ABŞ hərbi bazalarına raket zərbələri endirdi. Həmin günlərdə Üçüncü Dünya Müharibəsi ehtimalları açıq şəkildə müzakirə olunurdu.

Beş il keçsə də, Qasım Süleymaninin öldürülməsi Yaxın Şərqdə güc balansını dəyişən və ABŞ–İran qarşıdurmasının mahiyyətini sərtləşdirən əsas dönüş nöqtələrindən biri kimi qiymətləndirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir