
Bakı. Trend:
Prezident İlham Əliyevin təsdiqlədiyi yeni “Xüsusi icra
məmurları haqqında” Qanun 2026-cı il 1 yanvar tarixindən
qüvvəyə minib.
Trend-in
məlumatına görə, Qanuna əsasən, xüsusi icra məmurunun haqqı
standart haqq və əlavə icra haqqından ibarətdir.
Standart haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı
xərclərin, xüsusi icra məmurunun və onun işçilərinin əməyinin
ödənilməsi üçün verilir.
Əlavə icra haqqı qarşılıqlı razılığa əsasən icranın tam və ya
qismən təmin olunmasına görə ödənilir.
Xüsusi icra məmurunun haqlarına dair məlumatlar xüsusi lövhədə
xüsusi icra məmurunun ofisində görünən yerdən asılmalı, Ədliyyə
Nazirliyi və Xüsusi İcra Məmurlarının Palatasının rəsmi internet
səhifələrində yerləşdirilməlidir.
Xüsusi icra məmurunun standart haqqının hesablanması meyarları
və hədləri Nazirlər Kabineti tərəfindən müəyyən olunub.
Pul tələbinə dair icra sənədləri üzrə standart haqq tələbkarın
xeyrinə tutulmalı olan məbləğlə eyni vaxtda borcludan tutulur.
Borcludan tutulmuş vəsait standart haqqın və icra sənədi üzrə
tələbin tam ödənilməsinə kifayət etmədikdə ilk növbədə standart
haqqın ödənilməsinə yönəldilir. Pul tələbi olmayan icra sənədləri
üzrə standart haqq icra sənədi tam icra olunduqdan sonra borcludan
tutulur. Birgə borclular standart haqqın ödənilməsi üçün müştərək
məsuliyyət daşıyırlar.
Xüsusi icra məmuru icra icraatına başlamaq haqqında qərarla eyni
vaxtda standart haqqın tutulması barədə qərar çıxarır və onu 3 (üç)
iş günü müddətində tərəflərə göndərir. Həmin qərarda xüsusi icra
məmuru standart haqqın məbləğini qeyd edir. Standart haqqın
tutulması barədə xüsusi icra məmurunun qərarı icra sənədi hesab
olunur.
Standart haqq borclu tərəfindən ödənilməzsə, xüsusi icra məmuru
standart haqqın tutulması barədə qərarını həmin icraat çərçivəsində
məcburi icraya yönəldir. Xüsusi icra məmurunun fəaliyyətinə xitam
verildiyi hallar istisna olmaqla, bu qərarın icrası həmin xüsusi
icra məmuru tərəfindən həyata keçirilir. Məcburi icra tədbirlərinə
baxmayaraq borcludan tutulması mümkün olmadıqda icra hərəkətlərinin
həyata keçirilməsi ilə bağlı xərclər tələbkar tərəfindən
ödənilməlidir.
İcra sənədi könüllü icra müddəti bitənədək borclu tərəfindən
icra olunarsa, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı
xərclər istisna olmaqla, borclu standart haqqı ödəməkdən azad
edilir.
Zərurət olmadan çəkilmiş və əsaslandırılmamış xərclər xüsusi
icra məmurunun standart haqqına daxil edilə bilməz. Belə xərclər
xüsusi icra məmurunun özünə aid edilir. Standart haqqın tutulması
barədə qərardan tərəflər onu əldə etdikləri gündən 10 gün
müddətində inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər.
Haqqın qanunsuz tutulması və ya artıq məbləğdə ödənilməsi məhkəmə
tərəfindən təsdiq edilərsə, xüsusi icra məmuru bu barədə məhkəmə
qərarı qanuni qüvvəyə mindiyi gündən 10 iş günü müddətində həmin
məbləği geri qaytarmalıdır.
Əlavə icra haqqının hesablanması meyarları və hədləri Nazirlər
Kabineti tərəfindən müəyyən olunub.
Əlavə icra haqqının tələbkar tərəfindən ödənilməsi şərtləri
icraata başlanmazdan əvvəl xüsusi icra məmuru ilə tələbkar arasında
yazılı razılıqla müəyyən olunur. Əlavə icra haqqı icra icraatının
bütün müddəti ərzində ödənilə bilər.
Xüsusi icra məmuru tərəfindən standart haqqın və əlavə haqqın
məbləğinin bu Qanuna uyğun olaraq müəyyən edilən hədlərdən artıq
müəyyən edilməsinə, əlavə icra haqqının borcludan tutulmasına yol
verilmir.

