
Bakı. Trend:
Son günlər sosial şəbəkələrdə Kəlbəcər rayonunda elektrik
enerjisinin kəsildiyi, şəhərin istilik və su təchizatından məhrum
olduğu ilə bağlı müxtəlif iddialar yayılıb. Paylaşımlarda xüsusilə
qış mövsümünün sərt keçdiyi bir dövrdə sakinlərin çətin vəziyyətdə
qaldığı, evlərin soyuq olduğu və əsas kommunal xidmətlərin
fəaliyyət göstərmədiyi iddia olunub.
Trend-in əldə
etdiyi məlumata görə, hazırda Kəlbəcər rayonunda elektrik
enerjisinin verilişində, eləcə də istilik və su təchizatı ilə bağlı
hər hansı ciddi problem mövcud deyil. Müvafiq qurumlar tərəfindən
kommunal xidmətlər normal rejimdə fəaliyyət göstərir və əhalinin
gündəlik tələbatı tam şəkildə təmin olunur.
Belə ki, sosial şəbəkələrdə yayılan bu cür məlumatlar ümumilikdə
reallığı əks etdirmir və əsassızdır. Bölgədə vəziyyət tam nəzarət
altındadır və hər hansı texniki nasazlıq yarandığı halda aidiyyəti
rəsmi qurumlar tərəfindən operativ tədbirlər görülür.
Bundan başqa, Kəlbəcər rayonu ərazisində müşahidə olunan
əlverişsiz hava şəraiti güclü külək, şaxta və çovğunlu tufan
səbəbindən Kəlbəcər şəhərinə elektrik enerjisinin verilməsində qısa
müddətli fasilə yaranıb. Yanvarın 1-də hava şəraitinin kəskin
pisləşməsi, güclü küləyin və şaxtanın təsiri nəticəsində İstisu
elektrik xəttində baş vermiş qəza enerji təminatında qısamüddətli
fasiləyə səbəb olub. Qəzanın aradan qaldırılması məqsədilə
aidiyyəti dövlət qurumlarının əməkdaşları dərhal əraziyə səfərbər
olunmuş, gecə saatlarında hava şəraitinin son dərəcə əlverişsiz
olmasına baxmayaraq, operativ tədbirlər görülüb. Həyata keçirilən
işlər nəticəsində səhər saat 07:00-dək nasazlıq tam aradan
qaldırılmış və Kəlbəcər şəhərinə elektrik enerjisinin verilməsi
bərpa edilib.
Elektrik enerjisinin təminatında yaranmış qısa fasilə ilə
əlaqədar olaraq ərazidə yaşayan əhalinin digər kommunal
xidmətlərində hər hansı ciddi problem qeydə alınmayıb. Əhali ilə
mütəmadi olaraq əlaqə saxlanılır, hava şəraiti və su təchizatı ilə
bağlı zəruri təlimatlar operativ şəkildə çatdırılır. Yalnız üç
mənzilin istilik sistemini təmin edən kombi aparatlarının çöl
borularında donma halı müşahidə olunub. Operativ müdaxilə
nəticəsində həmin borularda donma halı heç bir texniki zədələnmə
baş vermədən aradan qaldırılıb.
İstilik sistemində yüngül donma halları aşağıdakı iki mənzildə
qeydə alınıb:
• giriş 134, mərtəbə 2, mənzil 1
•giriş 134, mərtəbə 1, mənzil 1
Qeyd edirik ki, baş vermiş hadisə nəticəsində ərazidə hər hansı
ciddi fəsad yaranmayıb. Kəlbəcər rayonunda Azərbaycan Respublikası
Prezidentinin Xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa,
Tikinti və İdarəetmə Xidməti tərəfindən rayon sakinləri elektrik,
su, istilik və digər kommunal xidmətlərdən təhlükəsiz və düzgün
istifadə qaydaları barədə mütəmadi olaraq məlumatlandırılır və
zəruri təlimatlar verilir.

