
Bakı. Trend:
Almaniyada koronavirus pandemiyasından sonra ilk dəfə olaraq
əhalinin məşğulluq səviyyəsində artım müşahidə edilməyib.
Trend xəbər verir ki, Federal
Statistika İdarəsinin məlumatına əsasən, 2025-ci ildə ölkədə
işləyən əhalinin sayı 46 milyon nəfər olub. Bu, 2024-cü illə
müqayisədə 5 min nəfər azdır. Halbuki 2024-cü ildə məşğul əhalinin
sayı Almaniyanın 1990-cı ildə yenidən birləşməsindən sonra ən
yüksək səviyyədə olub. Bununla da 2021-ci ildən bəri davam edən
müsbət tendensiyaya ötən il başa çatıb. Məşğul əhalinin sayının
azalması sonuncu dəfə pandemiyanın ilk ilində – 2020-ci ildə qeydə
alınıb.
Ötən il istehsal sektorunda məşğul əhalinin sayı kəskin şəkildə
(143 min nəfər) azalaraq 7,9 milyon nəfərə düşüb. Tikinti
sektorunda da azalma qeydə alınıb. Bu sahədə işləyənlərin sayı 23
min nəfər azalaraq 2,6 milyona enib. Kənd və meşə təsərrüfatında da
məşğul əhalinin sayı azalıb.
Bu sahələrdən fərqli olaraq, dövlət qulluğunda, eləcə də təhsil
və səhiyyə sahələrində 205 min nəfərlik artım qeydə alınıb. Artımda
ən böyük pay səhiyyə sektoruna aiddir. Maliyyə və sığorta
xidmətləri sahəsində də məşğul əhalinin sayı artıb.
Məlumata əsasən, məşğul əhalinin sayındakı durğunluğa zəif
iqtisadi artımla yanaşı, demoqrafik dəyişikliklər də təsir
göstərib. Əmək bazarını tərk edən, sayca çox olan yaşlı nəslin
yerini dolduracaq gənc işçi qüvvəsi getdikcə azalır. Bununla
yanaşı, xaricdən gələn işçi qüvvəsinin axını davam edir, həmçinin
qadınların və yaşlı insanların əmək bazarında iştirakı artır.

