
Bakı. Trend:
Böyük Britaniyada zərərli qəlyənaltı yeməklərin yerli vaxtla
21:00-a qədər televiziyada və onlayn reklamı və təbliğatı ilə bağlı
qadağa qüvvəyə minib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Qadağanın tətbiqində məqsəd azyaşlılar arasında çoxalmaqda olan
piylənmə və artıq çəki probleminə qarşı mübarizədir. Reklamı
21:00-a kimi qadağan edilmiş qida məhsullarının siyahısına başlıca
olaraq sodalı içkilər, müxtəlif şirniyyatlar, o cümlədən şokolad,
pizzalar, dondurmalar və eləcə də tərkibində zəngin yağ, duz və
şəkər olan digər qidalar daxildir.
Britaniyanin Səhiyyə Nazirliyinin (NHS) məlumatına əsasən,
hazırda məktəbəqədər yaşlı (qəbul sinfi yaşında olan) uşaqların
təxminən hər 10 nəfərindən biri (9,2 faizi) piylənmə ilə yaşayır,
beş yaşına çatana qədər isə uşaqların hər beşindən birində diş
çürüməsi müşahidə olunur.
Hesablamalara görə, piylənmə hər il NHS-ə 11 milyard funt
sterlinqdən artıq xərc yaradır.

