Azərbaycanda LED lampaların istifadəsi genişlənir

Baş səhifə

Bakı.Trend:

Enerji səmərəliliyi siyasətinə uyğun olaraq Azərbaycanda LED
lampaların istifadəsi genişlənir.

Trend xəbər
verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq,
Azərbaycanda enerji səmərəliliyinin artırılması məqsədilə közərmə
lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır.

Qanuna əsasən, 1 yanvar 2026-cı ildən etibarən 60 vatt və yuxarı
gücə malik, 1 iyul 2026-cı ildən isə 25 vattdan (25 vatt daxil
olmaqla) 60 vattadək gücə malik közərmə lampalarının istehsalı,
idxalı və satışı qadağan olunur.

Qadağa sənaye istehsalı proseslərində istifadə olunan, eləcə də
sənaye avadanlıqlarında işıqlandırmadan başqa texnoloji funksiyalar
üçün nəzərdə tutulan közərmə lampalarına şamil edilmir.




Aparılan hesablamalar göstərir ki, LED lampalar közərmə
lampaları ilə müqayisədə həm enerji istehlakı, həm də iqtisadi
baxımdan əhəmiyyətli üstünlüklərə malikdir. Məsələn, 15 min saat (
7 il) istismar müddətinə malik 1 ədəd LED lampası 17 ədəd 1 000
saatlıq közərmə lampasını əvəz edir. Eyni işıq axınının təmin
olunması üçün 60 Vt gücündə közərmə lampasına qarşılıq cəmi 7 Vt
gücündə LED lampası kifayət edir. Nəticədə LED lampasının ümumi
işıqlandırma xərci 14,4 AZN təşkil etdiyi halda, közərmə
lampalarında bu göstərici 82,2 AZN-ə çatır.

Hesablamalara əsasən, 1 milyon ədəd 60 Vt gücündə közərmə
lampasının 1 il ərzində istifadəsi 131,4 milyon kVt·saat elektrik
enerjisi istehlakına, bu enerjinin istehsalı üçün isə 29,1 milyon
kubmetr təbii qaz sərfinə səbəb olur və nəticədə 63,6 min ton
karbon emissiyası yaranır. Eyni sayda LED lampaya keçid zamanı isə
elektrik enerjisi istehlakı, yanacaq sərfi və karbon emissiyası 8,6
dəfə azalır. Hazırda mövcud 2,7 milyon məişət abunəçisinin 50
faizinin közərmə lampalarından imtina edərək LED lampalara keçdiyi
halda, gündəlik işıqlandırma məqsədilə elektrik enerjisi istehlakı
4,86 milyon kVt·saatdan 567 min kVt·saata enə bilər.

Həmçinin LED lampalar aşağı pulsasiya səviyyəsi (1%) ilə göz
sağlamlığı üçün daha təhlükəsiz hesab olunur. Közərmə lampalarında
bu göstərici 13 faizdir. Bundan əlavə, LED lampalar civə və digər
toksik maddələr ehtiva etmir, az istilik yayır, uzun istismar
müddətinə malikdir və gərginlik dalğalanmalarına qarşı daha
dayanıqlıdır.
Közərmə lampalarının mərhələli şəkildə dövriyyədən çıxarılması və
LED texnologiyalarına keçid ölkəmizdə enerji səmərəliliyinin
artırılmasına, istehlakçı xərclərinin azaldılmasına, ətraf mühitə
mənfi təsirlərin minimuma endirilməsinə və dayanıqlı enerji
istehlakı mədəniyyətinin formalaşmasına xidmət edir. Odur ki,
vətəndaşların və təsərrüfat subyektlərinin enerji səmərəli
işıqlandırma həllərinə üstünlük vermələri tövsiyə olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir