
Bakı. Trend:
Bayram süfrəsində istehlak olunmayan yeməklər israf edilməməsi
üçün bəzən sonrakı günlərə saxlanılır. Mütəxəssislərin fikrincə,
dəfələrlə qızdırılaraq bayat halda yeyilən yeməklər orqanizm üçün
ciddi fəsadlara səbəb ola bilər.
Trend xəbər
verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, yumurta, balıq, ət, toyuq, göbələk, mayonez və
oxşar riskli məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq
süfrədə qalmamalıdır. Bu qidalar otaq temperaturunda, açıq şəkildə
saxlanıldıqda və vaxtında soyuducuya yerləşdirilmədikdə, sonradan
yenidən qızdırılıb istehlak edilməsi tövsiyə olunmur. Çünki düzgün
saxlanma şəraiti olmadıqda yemək qalıqları mikroorqanizmlərin
sürətlə çoxalması üçün əlverişli mühitə çevrilir.
El arasında bayat plovun daha dadlı olması ilə bağlı fikirlər
mövcuddur. Lakin bayat plovun yenidən isidilərək yeyilməsi
sağlamlıq üçün təhlükə yarada bilər. Belə ki, düyü bişirildikdə
belə “Bacillus cereus” bakteriyasının sporları sağ qala bilir. Plov
düzgün bişirilmədikdə və ya uyğun şəraitdə saxlanılmadıqda bu
bakteriyanın inkişafı üçün münbit şərait yaranır. Bakteriyalar
tərəfindən sintez olunan toksinlər isə qida mənşəli xəstəliklərə,
hətta qida zəhərlənməsinə səbəb ola bilər. Bu zaman şiddətli
ürəkbulanma, qusma, bəzən isə qarın ağrısı kimi əlamətlər müşahidə
olunur.
Əksər hallarda insanlar yeməyin xarab olub-olmadığını qoxulamaq
və ya dadmaqla müəyyən etməyə çalışırlar. Lakin qida zəhərlənməsinə
səbəb olan bəzi bakteriyalar qidanın dadını və qoxusunu dəyişmədən
belə çoxala bilir. Xüsusilə dəniz məhsulları, süd və süd
məhsulları, tort və şirniyyatlar təhlükəli mikroorqanizmlərin və
onların toksinlərinin daşıyıcısı hesab olunur. Buna görə də bu tip
qidaların saxlanmasına və istehlakına xüsusi diqqət yetirilməsi
vacibdir.

