
Bakı. Trend:
Türkiyədə illik inflyasiya dekabr ayında 30,9 faizə düşərək
ardıcıl üçüncü ayda da yavaşlayıb.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, iqtisadçıların proqnozu 31 faiz
idi. Aylıq inflyasiya isə 0,9 faizdə qalaraq gözləntilərə yaxın
olub.
Məlumata görə bu, Türkiyə Mərkəzi Bankının 2026-cı ildə faiz
dərəcələrini azaltmağa davam etməsi üçün şərait yarada bilər.
Geyim və nəqliyyat qiymətlərində azalma dekabr göstəricisinə
müsbət təsir göstərib. Lakin ərzaq qiymətləri ay ərzində 2 faiz
artaraq inflyasiyaya təzyiq yaradıb.
Baza inflyasiya (ərzaq və enerji qiymətləri çıxılmaqla) 31,65
faizdən 31,1 faizə düşüb — bu son 4 ilin ən aşağı
göstəricisidir.
Yanvarda isə inflyasiyada daha kəskin azalma gözlənilir. Buna
səbəb kimi hökumətin mülayim vergi artımları və 2026-cı il üçün
minimum əməkhaqqının 27 faiz artırılması göstərilir.

