Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi artıb

Baş səhifə

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanla Avropa İttifaqı
(Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 18,716 milyard
ABŞ dolları təşkil edib.

Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni
dövrü ilə müqayisədə 951,2 milyon ABŞ dolları və ya 5,3%
çoxdur.

Məlumata əsasən, 2024-cü ilin ilk 11 ayındakı göstəricilərlə
müqayisədə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 6,1% artaraq
16,2 milyard ABŞ dolları, ittifaq ölkələrindən idxalının dəyəri isə
1% artaraq 2,537 milyard ABŞ dolları təşkil edib.

Ötən ilin 11 ayı ərzində Aİ ölkələrinin Azərbaycanın ümumi
ixracında payı 69,14%, idxalda payı isə 11,97% təşkil edib.

Hesabat dövründə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl
olaraq İtaliya, Almaniya, İsveçrə və Çexiya ilə formalaşıb.




Bu müddətdə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 11,243
milyard ABŞ dolları (+9%), Almaniya ilə 1,298 milyard ABŞ dolları
(-9%), İsveçrə ilə 890,3 milyon ABŞ dolları (2,1 dəfə çox), Çexiya
ilə isə 807,6 milyon ABŞ dolları (-22,4%) təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan
xarici ölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 1,480
milyard dollar və ya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,
21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard
dollar və ya 12,9% artıb.

Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5
dəfə azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir