
Bakı. Trend:
2025-ci il 1 dekabr tarixinə Azərbaycan Respublikasının ümumi
dövlət borcunun həcmi 25 milyard 272,7 milyon manata bərabər
olub.
Trend Maliyyə
Nazirliyinə istinadən xəbər verir ki, bu, 2025-ci il üzrə
proqnozlaşdırılan ÜDM-in 19,5 faizini təşkil edir.
Məcmu dövlət borcunun 8 milyard 195,2 milyon manatı xarici
dövlət borcunun, 17 milyard 77,5 milyon manatı daxili dövlət
borcunun payına düşür.
Beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar,
habelə əməkdaşlıq edilən müxtəlif beynəlxalq maliyyə-kredit
qurumları və xarici banklarla imzalanmış kredit sazişləri
çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş
öhdəliklər nəzərə alınmaqla, 2025-ci ilin 1 dekabr tarixinə
operativ məlumatlara əsasən, xarici dövlət borcu 4 milyard 820,7
milyon ABŞ dolları ekvivalentində olub. Xarici dövlət borcu 2025-ci
ilin əvvəli ilə müqayisədə 309 milyon ABŞ dolları və ya 6 faiz
azalıb
2025-ci il 1 dekabr tarixinə daxili dövlət borcu 17 milyard 77,5
milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,2
faizini təşkil edib.
2025-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun
səviyyəsi 1 milyard 582,2 milyon manat və ya 8,5 faiz azalıb.
Daxili dövlət borcunun 8 milyard 18 milyon manatını dövlət
qiymətli kağızları üzrə qalıq borc təşkil edir. Bunun 7 milyard
837,9 milyon manatını daxili maliyyə bazarında yerləşdirilmiş
dövlət istiqrazlarının,
180,1 milyon manatı veksellər üzrə qalıq borcun payına düşür.
Daxili dövlət borcunun yerdə qalan 9 milyard 59,5 milyon
manatını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması
və toksik aktivlərinin reallaşdırılması tədbirləri çərçivəsində
buraxılmış dövlət zəmanətli qiymətli kağızlar üzrə hökumətin
üzərinə götürdüyü öhdəliklər təşkil edir.
Dövlət qiymətli kağızlarının 2,6 faizi 1 illik, 56,2 faizi 2 və
3 illik, 41,2 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli
kağızlarının payına düşür.

