
Bakı. Trend:
2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı bölməsi üçün 1
milyard 226,5 milyon manat məbləğində vəsait ayrılacaq. Bu, 2025-ci
illə müqayisədə 22,7 milyon manat və ya 1,9 faiz çoxdur.
Trend Maliyyə
Nazirliyinə istinadən xəbər verir ki, bu bölmə üzrə nəzərdə tutulan
vəsaitin 490 milyon manatı ölkə ərazisində mövcud olan su
təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsi, fermerlərin
suvarma suyu ilə təchizatının və torpaqların meliorativ
vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə
bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi,
suvarma sahələrinin genişləndirilməsi, suvarma subartezian
quyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyə
təminatına yönəldiləcək.
Məlumata əsasən, ölkədə ərzaq təhlükəsizliyi tədbirləri üçün
512,7 milyon manat vəsait nəzərdə tutulur. Bu vəsait hesabına
fermerlərin kənd təsərrüfatı istehsalı vasitələrinin alınmasına
çəkdikləri xərclərin bir hissəsi kompensasiya ediləcək və əkin
sahələrinə, təhvil verilən məhsula, toxum və ting satışına görə
subsidiyalar veriləcək. Eyni zamanda, yerli heyvanların cins
tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar heyvanların sayının
artırılması və süni mayalanma yolu ilə alınan sağlam buzovlara görə
dəstək göstəriləcək. Bundan əlavə, barama istehsalına subsidiya
ayrılacaq, lizinq yolu ilə texnika, suvarma sistemləri və damazlıq
heyvanların alınmasına dövlət büdcəsi hesabına güzəştlər və digər
kənd təsərrüfatı tədbirlərinin maliyyələşdirilməsi təmin
olunacaq.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal olunan
buğdadan asılılığın azaldılması və yeni tənzimləmə mexanizmlərinin
yaradılması hesabına ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin
yüksəldilməsi sahəsində tədbirlərin həyata keçirilməsi məqsədilə
29,5 milyon manat vəsait ayrılacaq.
Dövlət büdcəsində baytarlıq tədbirləri üçün nəzərdə tutulmuş
44,9 milyon manat vəsaitin 22,8 milyon manatı baytarlıq
xidmətlərinin həyata keçirilməsinə, 18,2 milyon manatı vaksinlərin,
dərmanların və baytarlıq ləvazimatlarının alınmasına və
daşınmasına, 900 min manatı xüsusi təhlükəli heyvan xəstəlikləri
ilə əlaqədar zərər çəkən hüquqi və fiziki şəxslərə dəymiş maddi
ziyanın ödənilməsinə yönəldiləcək.
Bitki mühafizəsi sahəsində xəstəlik və zərərvericilərə qarşı
mübarizə tədbirlərinin aparılmasına 5,4 milyon manat, aqrokimyəvi
analizlərin aparılması, aqrokimyəvi pasportların verilməsi və toxum
nəzarəti üzrə tədbirlərin maliyyələşdirilməsinə isə 8,2 milyon
manat ayrılacaq.
Bu ilin dövlət büdcəsinin kənd təsərrüfatı xərcləri bölməsindən
maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 6,7 milyon manat
təşkil edəcək.

