Bakı. Trend:
“Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi
barədə qanun layihəsinə əsasən Azərbaycanda elektron siqaretlərin
idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi
qadağan edilir.
Elektron siqaretlərin zərərləri və bu qadağanı vacib edən
məsələlər barədə Trend-ə açıqlamasında Milli Məclisin Səhiyyə
komitəsinin üzvü deputat Müşfiq Məmmədli bildirib ki, elektron
siqaretlərin qadağan olunmasını əsaslandıran bir neçə mühüm səbəb
var:
“Əvvəllər elektron siqaretlər tütün və nikotindən uzaq qalmaq
üçün alternativ vasitə kimi təqdim olunurdu. Lakin zamanla məlum
oldu ki, bu cihazlarda istifadə olunan mayelər və onların yaratdığı
psixoloji asılılıq zərər baxımından ənənəvi tütün məhsullarından
geri qalmır.
Elektron siqaretlərin əksər növləri nikotin tərkibli olduğundan
onların istifadəsinin məhdudlaşdırılması zəruri hesab edilir.
Psixoloji asılılığın davam etməsi, eləcə də tərkibindəki maddələrin
toksik və beyinə mənfi təsir göstərən xüsusiyyətləri ciddi
narahatlıq doğurur”.
Elektron siqaretlərin istifadəsi ilə bağlı
maarifləndirmə tədbirləri kifayət qədər sürətlə getmir
Müşfiq Məmmədli qeyd edib ki, ən təhlükəli məqamlardan biri
elektron siqaretlərin zərərsizmiş kimi reklam olunaraq gənclərə
yönəldilməsidir:
“Bu amillər əvvəllər tütün və nikotindən uzaq olan gənclərin də
elektron siqaretlərə meyil göstərməsinə səbəb olur. Bazarda yeni və
modifikasiya olunmuş elektron siqaretlərin yayılması təkcə nikotin
deyil, əlavə toksik təsirlərin də artmasına gətirib çıxarır.
Nəticədə bu vasitələr sağlamlığa daha geniş spektrdə zərər vurur.
Bütün bunları nəzərə alaraq, Azərbaycanda da dünya təcrübəsinə
uyğun şəkildə elektron siqaretlərin məhdudlaşdırılması
istiqamətində ilkin addımlar atılıb. Məqsəd cəmiyyəti, xüsusilə
gəncləri bu təhlükəli asılılıqdan qorumaqdır”.
Səhiyyə Komitəsinin üzvü maarifləndirmə məsələlərinə də diqqət
çəkib. Onun sözlərinə görə, maarifləndirmə prosesi kifayət qədər
sürətlə getmir:

“Əslində, tütün, nikotin və digər zərərli vərdişlərə qarşı uzun
illər aparılan maarifləndirmə tədbirləri müəyyən uğurlar verib.
Lakin elektron siqaretlər yenicə bazara daxil olub və cəmiyyətə çox
sürətlə yayıldığından maarifləndirmə prosesi bu sürətə yetişə
bilməyib. Bu səbəbdən hazırda məhdudlaşdırıcı tədbirlərin tətbiqi
zəruri hesab olunur. Zamanla isə həm məhdudlaşdırıcı, həm də
maarifləndirici tədbirlərin paralel aparılması bu sahədə uğur
qazanmağımıza stimul verəcək”.
Nəzarət mexanizminin formalaşması üçün ilk addım
qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi
olacaq
Deputatın sözlərinə görə, nəzarət mexanizminin formalaşması üçün
ilk addım qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi
olacaq:
“Dəyişikliklər təsdiqləndikdən sonra onların icrasını təmin
etmək üçün konkret icra mexanizmləri hazırlanacaq. Bu mexanizmlər
müvafiq qərar və təlimatlarla tənzimlənəcək. Hazırda prosesin
hazırlıq mərhələsi davam edir və bu mərhələ başa çatdıqdan sonra
nəzarət mexanizmlərinin detalları barədə daha geniş və ətraflı
məlumat veriləcək”.
Elektron siqaretlərin qapalı məkanlarda istifadəsi
zamanı uşaqlar ikinci dərəcəli aerozola məruz qalır
Mövzu ilə bağlı Trend-ə
həkim-neonatoloq Nərmin Əzizova isə bildirib ki, son illərdə
elektron siqaretlərin “zərərsiz”, “tüstüsüz” və “alternativ” məhsul
kimi təqdim olunması onların qadınlar, yeniyetmələr və hətta
məktəbli uşaqlar arasında yayılmasına səbəb olub:
“Tüstüsünün olmaması və xoş aromalar bu məhsulların təhlükəsiz
olduğu ilə bağlı yanlış təsəvvür yaradır. Halbuki elektron
siqaretlərin istifadəsi uşaq sağlamlığı üçün ciddi risk daşıyır.
Nikotin güclü asılılıq yaradan maddə olmaqla yanaşı, sinir sistemi,
ürək-damar sistemi və hormonal tarazlığa mənfi təsir göstərir.
İnkişafda olan uşaq və yeniyetmə orqanizmi nikotin təsirlərinə
xüsusilə həssasdır və erkən məruz qalma uzunmüddətli sağlamlıq
problemlərinə səbəb ola bilər.
Elektron siqaretlərin qapalı məkanlarda istifadəsi zamanı
uşaqlar ikinci dərəcəli aerozola məruz qalır. Pediatrik praktikada
belə məruz qalmanın azyaşlılarda tənəffüs yollarının qıcıqlanması,
allergik reaksiyalar, bronxit və astma tutmalarının artması ilə
müşayiət olunduğu müşahidə olunur. Nikotinin beyin inkişafına mənfi
təsiri isə diqqət, yaddaş və öyrənmə qabiliyyətinin zəifləməsi ilə
nəticələnə bilər. Bundan əlavə, valideyn davranışlarının
modelləşdirilməsi uşaqlarda gələcəkdə nikotin istifadəsi riskini
artırır.
Hamilə və süd verən qadınlar üçün elektron siqaretlər xüsusi
təhlükə daşıyır. Nikotinin dölə və körpəyə ötürülməsi beynin və
ağciyərlərin inkişafını poza, erkən doğuş və aşağı doğum çəkisi
riskini artıra bilər. Bu səbəbdən bu dövrlərdə elektron siqaretlər
təhlükəsiz alternativ hesab edilə bilməz.
Elektron siqaretlərin parlaq dizaynı və meyvə, şirniyyat
aromaları uşaqlar və yeniyetmələr üçün cəlbedici olub siqaretə
başlama yaşını azaldır. Bu cür marketinq yanaşmaları uşaqları hədəf
alan gizli reklam forması kimi qiymətləndirilə bilər. Ümumilikdə,
elektron siqaretlərin uşaqlar və yeniyetmələr üçün uzunmüddətli
nəticələri nikotin asılılığı, psixoloji bağlılıq və gələcəkdə digər
zərərli vərdişlərə keçid riskinin artması ilə xarakterizə
olunur.”.
Həkimin sözlərinə görə, nəticədə elektron siqaretlər zərərsiz
alternativ deyil və xüsusilə uşaqlar, yeniyetmələr və qadınlar üçün
ciddi sağlamlıq riskləri yaradır. Bu təhlükənin qarşısının alınması
üçün ailə, cəmiyyət və dövlət səviyyəsində ardıcıl və məqsədyönlü
tədbirlərin görülməsi zəruridir.
Azərbaycanda da elektron siqaretlərin satışına dair tam
tənzimləyici mexanizmlərin olmaması bu məhsulların yeniyetmələr
arasında geniş istifadəsinə yol açır

Mövzu ilə bağlı Trend-ə
psixiatr Sevinc Ərəbli qeyd edib ki, elektron siqaretlər yayılmağa
başlayanda onların zərəri və insan sağlamlığına təsirləri ilə bağlı
yetərli tədqiqatlar mövcud deyildi:
“Elektron siqaretlər dünyada ilk dəfə 2006–2007-ci illərdə geniş
yayılmağa başladı. O dövrdə bu məhsullar yeniliyi ilə seçildiyi
üçün onların zərəri və insan sağlamlığına təsirləri barədə kifayət
qədər tədqiqat mövcud deyildi. Gənclər arasında sürətlə
populyarlaşmasının əsas səbəblərindən biri, satışına yaş
məhdudiyyətinin qoyulmaması idi. Klassik siqaretlərdə olduğu kimi
18 yaşdan aşağı şəxslərə satış qadağan edilmədiyi üçün elektron
siqaretlər yeniyetmələr arasında daha da yayıldı.
Hazırda Azərbaycanda da elektron siqaretlərin satışını tam
tənzimləyən mexanizmlərin olmaması bu məhsulların yeniyetmələr
arasında geniş istifadə olunmasına şərait yaradır. Elektron
siqaretlərin müxtəlif növləri mövcuddur və onların tərkibindəki
nikotin miqdarı fərqlidir. Bəzi məhsullarda nikotin olmasa da,
tərkibindəki digər kimyəvi maddələr insan sağlamlığı üçün təhlükə
daşıyır”.
Psixiatr vurğulayıb ki, elektron siqaretlərin dizayn baxımından
daha cəlbedici olması, xüsusilə gənclər arasında onu “elit” və ya
“zəngin görünüşlü” bir vasitə kimi qəbul etmələrinə səbəb olur.
Onun sözlərinə görə, tibb mütəxəssisləri bu meylin aradan
qaldırılması üçün həm qanunvericilik, həm də maarifləndirmə
istiqamətində ciddi addımların atılmasının vacibliyini
vurğulayırlar.
Xatırladaq ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Səhiyyə
Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai
sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev Heç vaxt siqaret
çəkməyənlər arasında elektron siqaret nikotin asılılığına giriş
qapısı rolunu oynadığını qeyd etmişdi.
Onun sözlərinə görə, elektron siqaretlərin qapalı məkanlarda
zərərsiz olduğu düşüncəsi ən böyük səhvlərdən biridir:

“İnsanların çoxu elektron siqaretin sadəcə su buxarı ifraz
etdiyini düşünür. Əslində isə bu, tərkibində nikotin, ultra-kiçik
hissəciklər, ağır metallar (məsələn, nikel və qurğuşun) və xərçəng
yaradan kimyəvi maddələr (məsələn, formaldehid) olan bir
aerozoldur. Bu maddələr otaqdakı hər kəs tərəfindən tənəffüs
edilir. Elektron siqaret buxarı adi siqaret tüstüsü kimi qatı
olmasa da, onun tərkibindəki hissəciklər daha kiçikdir. Bu
ultra-kiçik hissəciklər havada uzun müddət qalır və nəfəs aldıqda
ağciyərlərin ən dərin yerlərinə, oradan isə birbaşa qana keçə
bilir. Bu, ətrafdakı şəxslərdə boğaz və göz qıcıqlanmasına, öskürək
və nəfəs darlığına, astma xəstəliyi olanlarda kəskin tutmalara
səbəb olur. Elektron siqaret istifadə edildikdən sonra otaqdakı
səthlərdə (masalar, divarlar, xalçalar və hətta pərdələr) nikotin
və kimyəvi qalıqlar toplanır. Bu qalıqlar zamanla havaya yenidən
qarışa və ya təmas yolu ilə bədənə daxil ola bilər. Digər tərəfdən,
uşaqlar və hamilələr üçün ciddi sağlamlıq riskləri yaranır. Passiv
şəkildə elektron siqaret aerozoluna məruz qalmaq uşaqlarda ağciyər
inkişafının ləngiməsinə və beyin funksiyalarına mənfi təsir
göstərir, hamilələrdə isə nikotin plasenta (cift) vasitəsilə dölə
keçərək inkişaf riskləri yarada bilər.
Hüquqi tərəfdən məsələyə nəzər yetirsək, Azərbaycanda “Tütün
məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna
əsasən, elektron siqaretlər adi siqaretlərlə bərabər tutulur. Bu o
deməkdir ki, adi siqaretin çəkilməsi qadağan olunan bütün qapalı
ictimai yerlərdə elektron siqaret istifadəsi də qanunla qadağandır
və cərimə sanksiyaları nəzərdə tutulur”.
Elektron siqaretdən uzunmüddətli istifadə ciddi ağciyər
zədələnmələrinə səbəb olur, ağciyər xərçəngi riskini
artırır
Mütəxəssis bildirib ki, elektron siqaret istifadəçiləri özlərini
sağlamlıqla bağlı təhlükəli risklərə məruz qoyurlar:
“Burada ağciyər zədələnmələri xüsusi yer tutur. Belə ki,
elektron siqaret mayelərinin tərkibindəki dadlandırıcılar və
kimyəvi maddələr ağciyərlərin dərinliklərinə nüfuz edərək ciddi
xəstəliklərə yol aça bilər, hətta gözlənilməz və ölümcül nəticələrə
səbəb ola bilər. Elektron siqaretlərlə bağlı ən ciddi tibbi həyəcan
təbili 2019-cu ildə ABŞ-da kütləvi ağciyər zədələnmələri (EVALI
sindromu) baş verdikdə çalındı. Məsələn, elektron siqaretlərin
tərkibindəki Vitamin E Asetat normalda qida əlavəsi və ya dəriyə
qulluq vasitəsi kimi tamamilə zərərsiz olduğu halda, buxar
vasitəsilə ağciyərlərə daxil olduqda tamamilə fərqli nəticə verir.
Bu maddə yağlı bir quruluşa malikdir. Buxar halında ağciyərlərin ən
dərin nöqtələrinə (alveollara) çatdıqda yenidən mayeləşir və
ağciyər toxumasını bir təbəqə kimi örtür. Nəticədə ağciyərlərin
oksigen qəbul etməsinə mane olur və kəskin iltihaba səbəb olur. Bu
vəziyyət EVALI (E-cigarette or Vaping use-Associated Lung Injury)
adlanır. Digər maddə Diasetil adlanır, elektron siqaret mayelərinə
dad (xüsusilə meyvəli və şirin dad) vermək üçün istifadə olunan bir
kimyəvi maddədir. Bu maddə tənəffüs yollarındakı ən kiçik
bronxiolların çapıqlaşmasına və daralmasına səbəb olur. Təbabətdə
buna “popkorn ağciyər” ya da “bronxiolit obliterans” deyilir.
Beləliklə geri dönməz bir vəziyyət yaranır və tənəffüs
çatışmazlığına yol açılır. Digər təhlükə cihazın qızdırıcı
spiralından buxara keçən qurğuşun, nikel və xrom kimi ağır
metalların birbaşa tənəffüs sisteminə daxil olmasıdır. Bu
mikroskopik metal hissəcikləri buxarla birlikdə ağciyər toxumasına
yapışır. Uzun müddətdə bu, həm ağciyər xərçəngi, həm də daxili
orqanların, məsələn, böyrəklərin zədələnməsi riskini artırır.
Elektron siqaretlərdən istifadəsi onun tərkibindəki maddələrə dair
allergiyaların yaranmasına və ya belə halların, o cümlədən astma
xəstəliyinin kəskinləşməsinə, xroniki bronxit əlamətlərin tez-tez
müşahidə edilməsinə, yeni tənəffüs problemlərinin, həmçinin ağız
boşluğunda bir sıra xəstəliklərin yaranmasına səbəb olur.
Orqanizmin digər orqanları, o cümlədən ürək-damar sistemi də ciddi
təsirə məruz qalır”.

