
Bakı. Trend:
Venesuelada baş verən proseslər müasir beynəlxalq
münasibətlər sisteminin mahiyyətini bir daha açıq şəkildə ortaya
qoydu. Bu gün dünyada hadisələrin gedişini beynəlxalq hüquq yox,
güc amili müəyyən edir.
Prezident İlham Əliyev 26 iyun – Silahlı Qüvvələr Günü
münasibətilə Azərbaycan Ordusunun rəhbər heyəti ilə görüşdə
beynəlxalq münasibətlər sisteminin əsas problemini çox açıq şəkildə
ifadə etmişdi: beynəlxalq hüquq formal olaraq mövcuddur, lakin onun
işlək və məcburedici icra mexanizmi yoxdur.
Prezident İlham Əliyevin “Biz gördük ki, beynəlxalq hüquq
normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər
olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya
bilərlər və heç bir icra mexanizmi yoxdur. Əlbəttə ki, güc amili ön
plana çıxmışdı. Müharibədən bir neçə il əvvəl mən bunu öz
çıxışlarımda açıq deyirdim: biz güc toplamalıyıq və bu məsələ güc
hesabına öz həllini tapacaq” fikri müasir dünya nizamının
mahiyyətini dəqiq təsvir edir.
Prezident İlham Əliyevin vurğuladığı “Bu gün artıq dəyişən
dünyada güc amili ön plana çıxıb” prinsipinin analizi isə çox
mühümdür. Burada güc anlayışı yalnız hərbi potensialla
məhdudlaşmır. O, həm iqtisadi dayaqları, həm siyasi nüfuzu, həm də
beynəlxalq arenada diplomatik təsir imkanlarını əhatə edir. Bu
baxımdan Prezident İlham Əliyevin fikri həm strateji, həm də
praktiki reallığı əks etdirir. Dövlət yalnız güclü olduğu halda öz
hüquqlarını qoruya və beynəlxalq təzyiqlərə müqavimət göstərə
bilər.
Bu yanaşma təsadüfi və emosional deyil, beynəlxalq təcrübəyə və
qlobal proseslərin analizinə söykənir. Prezident İlham Əliyev həmin
çıxışında açıq mesaj verirdi ki, belə bir dünyada dövlətlərin
taleyi yalnız hüquqi arqumentlərdən asılı ola bilməz. Əgər ölkə öz
suverenliyini, milli maraqlarını və təhlükəsizliyini qorumaq
istəyirsə, mütləq şəkildə iqtisadi, siyasi və hərbi baxımdan güclü
olmalıdır. Bu fikir Azərbaycanın uzunmüddətli strateji siyasətinin
ideoloji əsasını təşkil edir və ölkənin həm regional, həm də qlobal
mövqeyini möhkəmləndirmək məqsədinə xidmət edir.
Prezident İlham Əliyevin Yeni il müraciətlərində də bu xətt
ardıcıl şəkildə davam etdirilib. Dövlət başçısı dəfələrlə
vurğulayıb ki, beynəlxalq aləmdə sabitlik pozulub, beynəlxalq hüquq
normaları tez-tez pozulur və ikili standartlar geniş yayılıb. Belə
şəraitdə yalnız güclü dövlətlər öz mövqelərini qoruya, təzyiqlərə
davam gətirə və beynəlxalq arenada müstəqil siyasət yürüdə
bilirlər. Bu isə Prezident İlham Əliyevin 2021-ci ildə
səsləndirdiyi fikirlərin sadəcə həmin dövr üçün deyil, uzunmüddətli
strateji baxış olduğunu göstərir.
Venesuela hadisələri fonunda bəzi Avropa ölkələrinin mövqeyi isə
Prezident İlham Əliyevin dediklərini praktikada bir daha
təsdiqləyir. Prinsiplərdən danışan bu ölkələr konkret vəziyyətdə
ehtiyatlı, ziddiyyətli və bəzən açıq riyakar mövqe tuturlar. Bunun
əsas səbəbi isə Amerika faktorudur.
Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlət yalnız güclü
olduğu halda öz hüquqlarını qoruya, suverenliyini müdafiə edə və
beynəlxalq arenada maraqlarını təmin edə bilər. Bu yanaşma
Azərbaycan üçün həm strateji, həm də praktik əhəmiyyət daşıyan bir
prinsipdir və dövlət siyasətinin bütün sahələrində – iqtisadi,
siyasi və hərbi sahələrdə güc amilini əsas prioritet kimi müəyyən
edir.

