
Bakı. Trend:
Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi bu
gün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün böyük əhəmiyyət
daşıyır. Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çox
aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi
Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə
etibarlı ölkə Azərbaycandır.
Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli
televiziya kanallarına müsahibəsində bildirib.
“Təbii ki, coğrafi nöqteyi-nəzərdən digər marşrutlardan da
istifadə oluna bilər. Ancaq mövcud geosiyasi vəziyyəti nəzərə
alaraq tam qətiyyətlə deyə bilərik ki, Qərb üçün alternativ
marşrutlar məqbul sayıla bilməz. Ona görə bizim rolumuz, yəni canlı
körpü və etibarlı tərəfdaş kimi, artıq böyük layihələri icra edə
bilən ölkə kimi təbii ki, artacaq və biz bunu artıq praktik həyatda
görürük”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

