
Bakı. Trend:
Mənim Sərəncamımla hələ 20 il bundan əvvəl Müdafiə Sənayesi
Nazirliyi yaradılanda, o vaxt biz bunu dövlət inhisarında olan sahə
kimi qiymətləndirirdik. Ancaq illər keçdikcə və xüsusilə beynəlxalq
təcrübəyə baxdıqda gördük ki, bir çox ölkələrdə aparıcı rollarda
özəl şirkətlərdir. Bir də ki, özəl şirkətləri bu işə cəlb etməklə
biz dövlət üzərinə düşən yükü də, maliyyə yükünü də azaltmış ola
bilərik. Ona görə son iki il ərzində dövlət şirkəti ilə bərabər
özəl şirkətlərə də imkanlar verildi.
Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli
televiziya kanallarına müsahibəsində deyib.
“Bu günə qədər 15 şirkətə lisenziya verilib, təbii ki, bu sahə
lisenziya tələb edən sahədir. Artıq 7 özəl şirkət hərbi təyinatlı
məhsulun istehsalına başlayıb. Əgər biz qoyulan sərmayənin həcminə
baxsaq görərik ki, yeni istehsal sahələri yaratmaq və mövcud
olanları genişləndirmək üçün 2024-2025-ci illərdə bir milyard manat
dəyərində sərmayə qoyulub. Bunun da yarısı özəl sektor tərəfindən
qoyulubdur. Yenə də bu sahə ictimaiyyət üçün bir qədər qapalı
olduğu üçün geniş məlumat verilmir. Ancaq bu proses çox geniş vüsət
alıb”, – deyə dövlətimizin başçısı əlavə edib.

