
Bakı. Trend:
Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə,
elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik. Bu,
qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən
məhdudiyyətləri olacaq.
Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli
televiziya kanallarına müsahibəsində deyib.
İnkişaf etmiş ölkələrin inkişafının neftlə, qazla yox, ancaq
zəka, ağıl, təhsil və elmlə bağlı olduğunu vurğulayan dövlətimizin
başçısı son 20 ildə Azərbaycanda yeni ali təhsil müəssisəsinin
yaradıldığını qeyd edərək deyib: “Bu, dövlətin niyyətidir, dövlətin
siyasətidir. Təhsilin keyfiyyətinin, müəllimlərin sosial
təminatının və peşəkarlığın artırılması, test sistemi və sair.
Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli
olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik.
Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır
vəziyyətə düşə bilərik”.

