
Bakı. Trend:
Böyük Britaniyada demoqrafik baxımdan mühüm dönüş nöqtəsi
yaxınlaşır.
Trend “The
Independent”ə istinadla xəbər verir ki, “Resolution Foundation”ın
proqnozuna görə, 2026-cı ildən etibarən ölkədə ölənlərin sayı
doğulanların sayını üstələyəcək və bu fərqin növbəti 50 il ərzində
artacağı gözlənilir.
Məlumata görə, doğum səviyyəsinin azalması Birləşmiş Krallığı
əhali artımı baxımından miqrasiyadan daha asılı vəziyyətə sala
bilər. Bu proqnoz, “Office for National Statistics”in ötən il
açıqladığı və miqrasiyanın 2032-ci ilə qədər əhalinin 5,9 faiz
artımında əsas rol oynayacağını göstərən hesablamalarından cəmi
altı ay sonra səsləndirilib.
Son statistikalar Böyük Britaniyaya miqrasiyanın səviyyəsində
azalma tendensiyasını göstərir. Doğum və ölüm nisbətlərindəki
dəyişikliklər, eləcə də dövlət xərclərinin artması fonunda
analitiklər əmək qabiliyyətli əhalinin sayının azalacağı,
vergilərin yüksələ biləcəyi və siyasi mühitin daha həssas hala gələ
biləcəyi barədə xəbərdarlıq edirlər.

