UNEC alimləri Avropada: dörd ölkədə elmi səfərlər, yeni tərəfdaşlıqlar (FOTO)

Baş səhifə

Bakı. Trend:

UNEC alimləri elmi fəaliyyətlərini Avropanın aparıcı
universitetlərində davam etdiriblər.

Belə ki, universitetin 6 tədqiqatçısı Belçika, Almaniya, İtaliya
və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində elmi
ezamiyyətlərdə olub. Alimlər fərqli sahələr üzrə tədqiqatlar
apararaq, yeni əməkdaşlıqların əsasını qoyublar və birgə elmi
fəaliyyətlər üzrə razılaşmalar əldə ediblər.

UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru professor
Rövnəq Rzayev və “Mühəndislik və tətbiqi elmlər” kafedrasının
müdiri dosent Tural Nağıyev Belçikanın Gent Universitetində elmi
səfər çərçivəsində universitetlərarası əməkdaşlığın
genişləndirilməsi istiqamətində mühüm görüşlər keçiriblər.

Səfər zamanı UNEC-də hazırlanmış yeni nəsil nanoölçülü
materiallar Gent Universitetinin müasir laboratoriya imkanları
əsasında tədqiq olunub və materialların elmi-tətbiqi potensialı
qiymətləndirilib.

Görüşlərin nəticəsi olaraq tərəflər arasında uzunmüddətli elmi
əməkdaşlıq perspektivləri müəyyən edilib. Əməkdaşlıq çərçivəsində
2026-cı ilədək bir sıra birgə elmi məqalələrin hazırlanması, eləcə
də Gent Universiteti alimlərinin UNEC-də keçiriləcək beynəlxalq
elmi konfranslarda daha geniş iştirakının təmin edilməsi barədə
razılıqlar əldə olunub.

UNEC-in tədqiqatçı müəllimi, i.f.d. Həsrəddin Quliyev
Almaniyanın nüfuzlu Fridrix-Aleksandr Universitetində üç həftəlik
elmi ezamiyyətdə olub. Səfər çərçivəsində o, universitetin Biznes
Məktəbi nəzdində həyata keçirilən tədqiqatlarla tanış olub, dairəvi
iqtisadiyyat və süni intellektin iqtisadi təsirləri üzrə müasir
yanaşmaları öyrənib.




Ezamiyyət zamanı Almaniyada karbon emissiyalarının ölçülməsi
üçün yaradılmış məlumat bazası, karbon vergisi mexanizmləri və süni
intellektin əmək bazarına təsiri ilə bağlı müzakirələr aparılıb.
Nəticə etibarilə UNEC ilə Fridrix-Aleksandr Universiteti arasında
birgə elmi tədqiqatların aparılması barədə razılıq əldə olunub və
2026-cı ildə süni intellektin işsizliyə təsirini araşdıran birgə
məqalənin dərc olunması planlaşdırılıb.

“İqtisadiyyat” kafedrasının dosenti Suqra Hümbətova ilə
“Riyaziyyat və statistika” kafedrasının dosenti Vüsalə Teymurova
isə bir ay müddətində İtaliyanın Luigi Vanvitelli Kampaniya
Universitetində (Universita degli Studi della Campania Luigi
Vanvitelli) tədqiqat aparıblar.

Araşdırmalar çərçivəsində Azərbaycan – İtaliya enerji
münasibətləri, dünya neft bazarında qiymət dəyişkənliyinin
makroiqtisadi göstəricilərə təsiri təhlil edilib. Tədqiqat
nəticələrinin Scopus indeksli jurnalda dərc olunması nəzərdə
tutulur. UNEC alimləri eyni zamanda İtaliyanın digər ali təhsil
müəssisəsində keçirilən beynəlxalq konfransda da iştirak
ediblər.

Türkiyənin Yıldız Texnik Universitetinə ezam olunan UNEC-in
“Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Aytən Niyazova
UNEC-də sintez edilmiş iki yeni kimyəvi birləşməni YTU-nun müasir
laboratoriyalarında tədqiq edib.

Araşdırmalar zamanı maddələrin daxili quruluşu, sabitliyi və
qarşılıqlı təsirləri öyrənilib, onların gələcək elmi və praktik
tətbiqləri üçün perspektivləri müəyyən edilib. Bu tədqiqatlar
əsasında beynəlxalq elmi jurnalda məqalə dərc olunması
planlaşdırılır. Səfər çərçivəsində UNEC ilə Yıldız Texnik
Universiteti arasında birgə elmi layihələr üzrə razılaşmalar da
əldə edilib.

Görüşlər zamanı UNEC-in Scopus bazasında indekslənmiş beynəlxalq
elmi jurnalı JEAS (UNEC
Journal of Engineering and Applied Sciences) tərəfdaşlara təqdim
olunub və jurnalla bağlı mümkün elmi əməkdaşlıq imkanları müzakirə
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir