
Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Ağıllı Enerji İnnovasiya Fondu (Smart
Energy Innovation Fund) çərçivəsində ümumi həcmi 1,5 milyon ABŞ
dolları olan ikinci sub-layihənin istifadəyə verildiyini
açıqlayıb.
Trend AİB-ə
istinadən xəbər verir ki, bu sub-layihə Azərbaycan və Taylanda
dəstək məqsədi daşıyır.
Məlumata görə, sub-layihə “ağıllı enerji sistemləri”nə, bərpa
olunan enerji mənbələrinin enerji şəbəkələrinə inteqrasiyası üçün
infrastruktura, eləcə də benefisiar ölkələrdə innovativ
texnologiyaların və rəqəmsal həllərin təşviqinə investisiyaların
qoyulmasını nəzərdə tutur.
Qeyd olunur ki, sub-layihə digər inkişaf etməkdə olan AİB-ə üzv
ölkələr (ADB DMCs) ilə aparılan cari müzakirələr və ehtiyaclar
əsasında genişləndirilə bilər. Bura Qazaxıstan (elektromobillik və
doldurma infrastrukturu), Qırğız Respublikası (məlumat mərkəzləri)
və Taylandla (məlumat mərkəzləri üçün dayanıqlı və etibarlı enerji
təchizatı) aparılan müzakirələr daxildir.

