
Bakı. Trend:
Rusiyanın aparıcı media orqanları bir gün əvvəl yerli televiziya
kanallarına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyevin
əsas sitatlarını əks etdirən materiallar dərc edib.
Trend xəbər verir
ki, “RİA Novosti”, TASS, “Vesti Kavkaza”, “İnterfaks” agentlikləri,
“360” televiziya kanalı və digər media qurumları dərc etdikləri
materiallarda Prezident İlham Əliyevin “Zəngəzur dəhlizinin
açılması ilə bağlı artıq heç bir şübhə yoxdur” fikrini önə
çəkiblər. Nəşrlərdə, həmçinin dövlət başçısının Azərbaycanın
Mərkəzi Asiya ilə Qərb arasında yeganə etibarlı halqa olduğunu,
ölkədən yan keçən alternativ marşrutların isə səmərəsiz və maraq
doğurmadığını vurğuladığı qeyd olunur.
Medianın materiallarında Prezident İlham Əliyevin Azərbaycanın
tranzit imkanlarının gələcəkdə daha da genişlənəcəyinə əminliyi
diqqətə çatdırılır, Avropa və Asiya məkanında iqtisadi əlaqələrin
möhkəmləndirilməsi kontekstində nəqliyyat infrastrukturunun
inkişafının vacibliyi xüsusi qeyd edilir.
Xəbər resursları dərc etdikləri yazılarda Azərbaycan liderinin
regionda xarici siyasət çağırışlarına dair mövqeyinə, suverenliyin
və təhlükəsizliyin möhkəmləndirilməsinin zəruriliyinə diqqət
yetirirlər. Media qurumları Prezident İlham Əliyevin 907-ci
düzəlişin tamamilə ləğv edilməsinin vacibliyi ilə bağlı
fikirlərini, eləcə də ikitərəfli münasibətlərin əsas aspektləri və
regional təşəbbüslər barədə mövqeyini sitat gətirirlər.
Ümumilikdə, Rusiya mediası Azərbaycanın regional və beynəlxalq
proseslərdə strateji rolunu vurğulayır, Prezident İlham Əliyevin
müsahibəsini geniş şəkildə işıqlandırır və onun bəyanatlarını rəsmi
Bakının ardıcıl, müstəqil və fəal xarici siyasətinin təzahürü kimi
qiymətləndirir.

