
Bakı. Trend:
Çinin milli xəbər agentliyi Sinxuanın Azərbaycan Prezident İlham
Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı
Azərbaycan-Çin münasibətlərinə dair fikirləri haqqında xəbərləri
Çin mediasında geniş yayılıb.
Trend xəbər verir
ki, “Azərbaycan Prezidenti Çinlə hərtərəfli strateji tərəfdaşlığı
yüksək qiymətləndirir” adlı Çin və ingilis dilində hazırlanan
xəbərdə dövlətimizin başçısının iki ölkə arasında hərtərəfli
strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını böyük uğur kimi
dəyərləndirdiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan Prezidenti
hərtərəfli strateji tərəfdaşlığın iki ölkə arasında iqtisadi
əlaqələrin inkişafına böyük təkan verdiyini, biznes və dövlət
strukturlarına əlaqələri fəallaşdırmaq üzrə ciddi impuls verdiyini
deyib.
Qeyd olunub ki, Prezident İlham Əliyev müsahibə zamanı Çin
şirkətlərinin Azərbaycanda günəş və külək elektrik stansiyalarının
inşasında fəal iştirakına toxunub, Çinli tərəfdaşlarla Azərbaycanda
elektrik avtobuslarının istehsalına başlanıldığını deyib.
Sinxua Prezident İlham Əliyevin “Biz təkcə yaşıl energetikanı
deyil, həm də yaşıl nəqliyyatı inkişaf etdirmək qərarına gəldikdə,
gündəmdə strateji tərəfdaş seçmək məsələsi dayandı və Çin
şirkətlərini seçdik” sitatını da xəbərə daxil edib.
Qeyd edək ki, Sinxua agentliyinin sözügedən xəbərini Çinin bir
çox media qurumları yayıb. Bundan başqa, Çinin bəzi ixtisaslaşmış
sayları Prezident İlham Əliyevin iqtisadi mövzulardakı
fikirlərindən də xəbərlər hazırlayıb.

