
Bakı. Trend:
Trans-Adriatik boru kəməri (TAP) 2026-cı ilin yanvar ayından
etibarən qazın nəqli üzrə yeni saziş (Gas Transportation Agreement
– GTA) çərçivəsində əlavə uzunmüddətli ötürücülük gücünü istifadəyə
verir.
Bu barədə Trend-ə
TAP AG konsorsiumundan bildirilib.
“Avropa üçün strateji enerji infrastrukturu kimi geniş şəkildə
tanınan, uzunluğu 3 500 kilometr olan Cənub Qaz Dəhlizinin Avropa
hissəsini təşkil edən TAP 2026-cı ilin yanvarından etibarən qazın
nəqli üzrə yeni saziş çərçivəsində əlavə uzunmüddətli güc təqdim
edir. Bu həcm 2021-ci ildə keçirilmiş bazar sınağının nəticələrinə
əsasən bron edilib”,- deyə məlumatda qeyd olunur.
TAP AG-dən vurğulanıb ki, əlavə gücün istismara verilməsi Xəzər
qazının Avropaya tədarükünə başlanmasından beş il sonra həyata
keçirilir ki, bu da boru kəmərinin yüksək etibarlılığını və
Avropanın enerji təchizatı mənbələrinin şaxələndirilməsinə verdiyi
əhəmiyyətli töhfəni təsdiqləyir.
Qeyd edək ki, Azərbaycan qazının TAP marşrutu üzrə Avropaya
ixracına başlanmasından ötən beş il ərzində 54 milyard kubmetrdən
artıq qaz tədarük olunub.
TAP Xəzər dənizində yerləşən “Şahdəniz” yatağından hasil olunan
təbii qazın birbaşa Avropa bazarlarına nəqlini təmin edir.

