
Bakı.Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın təmin
olunması, prosedurların sadələşdirilməsi məqsədilə tətbiq edilən
innovativ dəyişikliklər həm mülkiyyətçilər, həm də mülkiyyət sahibi
olmaq istəyənlər üçün daha etibarlı hüquqi əməliyyatlar aparmağa
imkan yaradır.
Trend xəbər
verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat
yayıb.
Bildirilib ki, mülkiyyətçilər daşınmaz əmlaka dair texniki
sənədlərini onlayn olaraq qeydiyyat və reyestr nömrələrini qeyd
etməklə yoxlaya bilirlər.
Torpaq sahəsinin plan və ölçü sənədi, mənzil, fərdi yaşayış evi
və digər daşınmaz əmlaklara dair texniki sənədlərin əslinə
”www.e-services.economy.gov.az” Elektron Xidmətlər Portalında
təqdim olunan “Daşınmaz əmlaka
dair texniki sənədin (texniki pasport və ya torpaq sahəsinin planı
və ölçüsü) yoxlanılması” elektron xidməti vasitəsilə baxış
keçirmək olar. Adıçəkilən xidmətə keçid zamanı açılan pəncərədə
texniki sənədin qeydiyyat və reyestr nömrəsini daxil edərək axtarış
etmək mümkündür. Bu xidmət istifadəçiyə daşınmaz əmlak haqqında
dolğun və həqiqi məlumat almağa imkan verir. Belə ki, qeyd edilən
nömrələr əsasında sistemdə aşkar olunan plan ölçü və ya texniki
pasportun təsviri əks olunur. Burada hüquq sahibinin məlumatları,
daşınmaz əmlaka dair məlumatları və texniki təsviri göstərilir.
Texniki pasport və torpaq sahələrinə dair plan və ölçü
sənədlərinin elektron müstəviyə keçilməsi ilə sənədin itirilməsi,
yararsız hala düşməsi ilə bağlı problemlər, eləcə də sənədlərin
saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halları tamamilə
aradan qaldırılır, daşınmaz əmlak barədə etibarlı mənbədən məlumat
almaq imkanı yaranır.

