
Bakı. Trend:
Vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində 2025-ci
il ərzində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir təmin
olunub.
Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, 2025-ci ilin aprel ayından etibarən milli
valyutada olan vahid xəzinə hesabının vəsaitləri hərrac üsulu ilə
depozitlərə yerləşdirilməyə başlanılıb. Bu mexanizmin tətbiqində
əsas məqsəd dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə
edilməsi və büdcə üçün əlavə gəlirlərin formalaşdırılmasıdır.
Mexanizm çərçivəsində dövlət büdcəsində müvəqqəti olaraq
istifadə olunmayan sərbəst vəsaitlər şəffaf və rəqabətli depozit
hərracları vasitəsilə bank sektorunda yerləşdirilir. Hərraclarda
banklar faiz dərəcələri üzrə təkliflər təqdim edir və ən yüksək
faiz dərəcəsi təqdim edən banklarda vəsaitlər depozitlərə
yönəldilir. Bu yanaşma bir tərəfdən dövlət büdcəsi üçün əlavə faiz
gəlirlərinin əldə edilməsinə, digər tərəfdən isə bank sektorunda
likvidliyin artmasına şərait yaradır.
Ötən ilin doqquz ayı ərzində keçirilmiş depozit hərracları
nəticəsində dövlət büdcəsinə 98,6 milyon manat məbləğində faiz
gəliri təmin edilib. Bundan əlavə, Mərkəzi Bankın vasitəçiliyi ilə
xarici valyuta vəsaitlərinin xaricdə likvid fondlara
yerləşdirilməsi və idarə olunması nəticəsində il ərzində 22,4
milyon manat ekvivalentində faiz gəliri əldə olunub.
Nəticə etibarilə, vahid xəzinə hesabının effektiv idarə edilməsi
sayəsində 2025-ci il ərzində dövlət büdcəsinə ümumilikdə 121 milyon
manat gəlir təmin olunub.

