
Bakı. Trend:
Ölkəmizdə həssas əhali qruplarından olan vətəndaşlarla bağlı
icra olunan mühüm sosial proqramlardan biri də şəhid ailələri və
müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı
proqramıdır.
Trend xəbər
verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, Prezident İlham Əliyev yerli televiziya
kanallarına müsahibəsində deyib: “Son illərdə 16 min şəhid ailəsinə
və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər
verilmişdir. Burada da Azərbaycan qədər bu sahəyə diqqət yetirən
ikinci ölkə yoxdur”.
“Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı əsasında bu
proqram möhtəşəm Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonra 5
dəfə genişləndirilib. Postmüharibə dövründə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən 7 mindən çox mənzil şəhid ailələrinə
və müharibə ilə əlaqədar əlilliyi olanlara təqdim edilib.
Müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn dəstək
tədbirlərindən biri də onların minik avtomobilləri ilə təmin
edilməsidir. Bu kateqoriyadan olan vətəndaşlara ötən dövrdə 7700, o
cümlədən postmüharibə dövründə 567 avtomobil verilib və növbədə
olanların avtomobillə təminatı başa çatıb”, nazirlikdən
bildirilib.

