
Bakı. Trend:
Avropalı alimlər İntibah dövrünə aid artefaktlardan görkəmli
italiyalı rəssam Leonardo da Vinçinin DNT izlərini aşkarladıqlarını
güman edirlər.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, tarixi artefaktlar əsrlər keçsə belə DNT izlərini
özündə saxlaya bilir və qabaqcıl texnologiyanın tətbiq olunduğu
təqdirdə həmin dövrdə yaşamış insanlar haqda faydalı məlumat əldə
etməyə imkan verir. Belə araşdırmalara əngəl yaradan əsas amil, DNT
müayinələrində dəyərli rəsm əsərlərinin zədələnmə riskinin yüksək
olmasıdır.
Lakin bir müddət əvvəl alimlər yeni minimal invaziv metodla
Avropa İntibah dövrünə aid tarixi-bioloji imzaları bərpa etməyə
çalışırlar.
Müayinələrdən birində onlar kağız üzərində qırmızı kömürlə
çəkilmiş və Da Vinçi tərəfindən çəkildiyi güman edilən “Müqəddəs
Uşaq” adlı rəsmdən kiçik DNT izləri aşkarlayıblar.
Alimlər əşyalardan əldə edilən Y-xromosomu DNT ardıcıllıqlarını
böyük Y-xromosomu referans məlumat bazaları ilə müqayisə etdikdə,
ən yaxın uyğunluğun geniş E1b1 / E1b1b xətti daxilində olduğunu
aşkar ediblər. Bu Y-xromosomu xətti bu gün Cənubi Avropada, o
cümlədən İtaliyada, Şimali Afrikada və Yaxın Şərqin bəzi
bölgələrində əhəmiyyətli tezliklə müşahidə olunur.
Lakin tədqiqatçılar qeyd ediblər ki, əşyalardan götürülmüş hər
hansı bir DNT izinin həqiqətən da Da Vinçiyə aid olduğunu
təsdiqləmək son dərəcə mürəkkəb bir prosesdir.

