
Bakı. Trend:
2025-ci il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 353,5 milyon
manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 853,5 milyon
manat çoxdur.
Trend dövlət
xidmətinə istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə vergi
daxilolmaları 545,5 milyon manat və ya 3,5 faiz artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 12 milyard 6 milyon
manatdan çox olub və büdcəyə proqnozdan əlavə 336,1 milyon manat
vəsait ödənilib. Əvvəlki ilə nisbətən bu sektordan vergi
daxilolmaları 978,7 milyon manat və ya 8,9 faiz artıb.
Ödənilən vergilərin 73,4 faizi qeyri-neft-qaz sektorunun, 26,6
faizi isə neft-qaz sektorunun payına düşüb.
2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə
daxilolmalar 6 milyard 448,3 milyon manat olub. Bu mənbədən
daxilolmalar 2024-cü illə müqayisədə 11,9 faiz və ya 684,9 milyon
manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar
əvvəlki ilə nisbətən 12,2 faiz artaraq 4,3 milyard manata yaxın
təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü illə
müqayisədə 10,0 faiz artıb və 228,9 milyon manata yaxın olub.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 faiz artaraq 173,3
milyon manatdan çox təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2024-cü ilə
nisbətən 10,5 faiz artıb və 1,1 milyard manatdan çox olub.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,0 faiz artaraq 793,4
milyon manatdan artıq təşkil edib.

