
Bakı. Trend:
Ölkədə səhiyyə müəssisələri, xəstəxanalar və ya xəstə və
zərərçəkənlərə hücum etmək və xəsarət yetirmək qəbuledilməzdir.
Trend-in
məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu
gün (7 yanvar) Tehranda Nazirlər Kabinetinin iclasından sonra
jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hər hansı bir etiraz zamanı qeyd olunan
məkanlara və ya şəxslərin hüquqlarına hörmətlə yanaşmaq lazımdır.
Bu məkanlar təhlükəsiz qalmalıdır.
Mohacerani bildirib ki, İlam vilayətində İmam Xomeyni
xəstəxanasında baş verən hadisə ilə bağlı İran prezidenti Məsud
Pezeşkian dərhal göstəriş verib. Ardınca səhiyyə naziri və daxili
işlər naziri məsələnin qanuni və hüquqi cəhətdən araşdırılması üçün
göstərişlər veriblər. Bundan başqa daxili işlər naziri tərəfindən
bir nümayəndə İlama ezam olunub ki, lazımi araşdırma aparsın.
Qeyd edək ki, ötən həftə İlam vilayətinin İmam Xomeyni
xəstəxanasında etirazçılarla hüquq-mühafizə məmurları arasında
qarşıdurma baş verib. Bəzi medialar hadisə nəticəsində ölən və
yaralananların olduğunu bildiriblər.

