
Bakı. Trend:
2030-cu ilədək Çin–Azərbaycan–Avropa marşrutu (Orta Dəhliz) üzrə
daşımaların həcmi iki dəfə arta bilər.
Bu barədə Trend-ə Almaniyada yerləşən və multimodal daşımalarla,
eləcə də təchizat zəncirlərinin idarə olunması ilə məşğul olan
beynəlxalq logistika qrupu – “Rhenus Logistics” şirkətindən məlumat
verilib.
“Şirkət Çin–Azərbaycan–Avropa marşrutu üzrə yükdaşımaların həcmi
üçün yüksək və dayanıqlı artım potensialı görür. Qlobal təchizat
zəncirlərinin şaxələndirilməsi və şirkətlərin daha dayanıqlı
nəqliyyat həlləri axtarması fonunda Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutu ehtiyat marşrutdan əsas ticarət yoluna çevrilib.
Son iki ildə Transxəzər marşrutu üzrə konteyner daşımaları ildə
təxminən 35–40 faiz artaraq, 2022-ci ildəki 1,5 milyon ton
göstəricidən 2024-cü ildə təxminən 3,2 milyon tona çatıb. Bakı,
Aktau və Kurık kimi əsas logistika qovşaqlarına davam edən
investisiyalar, həmçinin Qazaxıstan, Azərbaycan və Gürcüstan
arasında dəmir yolu əlaqələrinin daha yaxşı koordinasiyası nəzərə
alınmaqla, yükdaşımaların həcminin 2030-cu ilədək iki dəfə artacağı
gözlənilir”, – deyə “Rhenus Logistics”də qeyd ediblər.
Şirkətdən əlavə edilib ki, liman və dəmir yolu infrastrukturunun
daha da inkişafı, eləcə də səmərəli multimodal əlaqələndirmə yaxın
illərdə daşımaların həcminin artımını stimullaşdırmaqda davam
edəcək.
“Rhenus”un regionda və əsas terminallarda fəal mövcudluğu bu
artımı dəstəkləməyə və dəhliz boyunca etibarlı, dayanıqlı logistika
həlləri təmin etməyə imkan verir.
Qeyd edək ki, Orta Dəhliz (həmçinin Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutu – TITR kimi tanınır) Asiyanı Avropa ilə
birləşdirən nəqliyyat və ticarət yoludur və ənənəvi Şimal və Cənub
dəhlizlərinə alternativ kimi çıxış edir. Marşrut Çindən başlayır,
Mərkəzi Asiya ölkələrindən (Qazaxıstan, Özbəkistan, Türkmənistan)
keçir, Azərbaycan vasitəsilə Xəzər dənizini aşır, daha sonra
Gürcüstan və Türkiyə üzərindən davam edərək Avropaya çatır. Bu quru
marşrutu daha uzun dəniz yollarını keçməyə imkan verir və Şərqi
Asiyanı, o cümlədən Çini birbaşa Avropa ilə əlaqələndirir.

