
Bakı. Trend:
“Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların
tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması
Qaydaları”nda dəyişikliklər edilib.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar
imzalayıb.
Qərara əsasən, tikinti obyektlərinin istismarına icazə verildiyi
andan, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti
obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən
məlumat verildikdən sonra, dərhal bu məlumatların Tikintilərin
Dövlət reyestrinə ötürülməsi təmin ediləcək və 3 iş günü müddətində
bu məlumatlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet
səhifəsində yerləşdiriləcək.
Daha əvvəl tikinti obyektinin istismarına icazə verildiyi
gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti
obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən
məlumat verildikdən sonra, istismara icazə verən və ya tikinti
barədə məlumatlandırılan orqan (qurum) bu Qaydalarda nəzərdə
tutulmuş sənədləri və məlumatları 5 iş günü müddətində Tikintilərin
Dövlət reyestrinə təqdim edir və 3 iş günü müddətində bu məlumatlar
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet səhifəsində
yerləşdirilirdi.

