
Bakı.Trend:
ABŞ-nin Kaliforniya ştatında yaşayan 19 yaşlı universitet
tələbəsi Sam Nelsonun ChatGPT-dən aldığı riskli maddə qarışıqları
ilə bağlı tövsiyələrdən sonra həyatını itirməsi, süni intellektin
səhiyyə sahəsində təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən
gündəmə gətirib.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Kaliforniyada yaşayan 19 yaşlı psixologiya
tələbəsi Sam Nelson, süni intellekt əsaslı söhbət botu ChatGPT-dən
aldığı təhlükəli maddə qarışımı tövsiyələrindən sonra vəfat edib.
Hadisə süni intellekt sistemlərinin sağlamlıq və maddə istifadəsi
mövzularında təhlükəsizlik sərhədlərini yenidən müzakirə obyektinə
çevirib.
Nelsonun anası Layla Turner-Skottun paylaşdığı 18 aylıq yazışma
qeydlərinə görə, süni intellekt sistemi gənci müxtəlif maddələri
birlikdə istifadə etməyə yönləndirib və bu qarışıqların
“təhlükəsiz” olduğu barədə ona təminat verib.
Yazışma tarixçəsində ChatGPT-nin son dərəcə təhlükəli tövsiyələr
verdiyi görünüb. Nelson, opioidə bənzər təsiri olan kratom maddəsi
ilə narahatlığı azaldan Xanax preparatını birlikdə istifadə etmək
üçün süni intellektdən məsləhət alıb. Bot, gəncin artıq 15 qram
kratom qəbul etdikdən sonra yaşadığı ürəkbulanmanı azaltmaq
məqsədilə Xanax istifadə edə biləcəyini bildirib və doza ilə bağlı
tövsiyə verib.
Mayın 26-da baş tutan başqa bir yazışmada isə süni intellektin
Nelsona daha güclü hallüsinasiyalar yaşaması üçün öskürək siropunun
dozasını ikiqat artırmağı məsləhət gördüyü qeyd olunub.
Sam Nelson mayın 31-də anası tərəfindən yataq otağında ölü
vəziyyətdə tapılıb.
İki həftə sonra açıqlanan toksikoloji hesabatda ölüm səbəbinin
alkoqol, Xanax və kratomun birlikdə istifadəsi nəticəsində yaranan
ölümcül təsir olduğu bildirilib. Mütəxəssislər bu kombinasiyanın
mərkəzi sinir sistemini həddindən artıq dərəcədə basqılayaraq
boğulmaya (asfiksiya) səbəb olduğunu müəyyən ediblər.

