
Bakı. Trend:
Niderlandın bank qrupu ING Azərbaycan üzrə yaxın illər üçün
ümumi daxili məhsulun (ÜDM) artımına dair proqnozunu açıqlayıb.
Trend xəbər verir
ki, sənədə əsasən, 2026 və 2027-ci illərdə ölkə iqtisadiyyatının
müvafiq olaraq 2,8 faiz və 2 faiz artacağı gözlənilir.
ING-nin məlumatına görə, 2025-ci ildə Azərbaycanın ÜDM artımı
1,6 faiz təşkil edib.
Bank qrupunun qiymətləndirmələrinə əsasən, 2025-ci ilin dördüncü
rübündə Azərbaycanın ÜDM artımı 2,5 faiz olub.
Bununla yanaşı, 2026-cı ildə ÜDM-in birinci rübdə 4 faiz, ikinci
rübdə 2,5 faiz, üçüncü rübdə 3,5 faiz, dördüncü rübdə isə 1 faiz
artacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə,
2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda 116 320,1 milyon
manat məbləğində ümumi daxili məhsul istehsal edilib ki, bu da
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
İqtisadiyyatın neft-qaz sektorunda yaradılmış əlavə dəyər 1,8
faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,2 faiz artıb.
ÜDM-in 34 faizi sənayenin, 10,6 faizi ticarət və nəqliyyat
vasitələrinin təmiri sahəsinin, 7,2 faizi nəqliyyat və anbar
təsərrüfatının, 6,5 faizi tikintinin, 6,4 faizi kənd təsərrüfatı,
meşə təsərrüfatı və balıqçılığın, 2,8 faizi turistlərin
yerləşdirilməsi və ictimai iaşənin, 1,9 faizi informasiya və
kommunikasiya sektorunun, 21,1 faizi digər sahələrin payına düşüb.
Məhsula və idxala düşən xalis vergilər ÜDM-in 9,5 faizini təşkil
edib.
Adambaşına düşən ÜDM 11356,4 manat təşkil edib.

