Paytaxtda mikromobillik şəbəkəsinin uzunluğu 50 kilometrə çatdırılıb

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı
şəhərində son 2 il ərzində mikromobillik infrastrukturunun inkişaf
etdirilməsi məqsədilə bir sıra layihələr həyata keçirilib.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, təkcə 2025-ci il ərzində 15 küçə və prospektdə,
həmçinin 2 ərazidə 15 kilometr mikromobillik zolağı çəkilib.
Bununla da şəbəkənin ümumi uzunluğu 50 kilometrə çatdırılıb.

Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli
qaydada velosiped yolları əlaqələndirilir. Şəbəkənin davamlılığına
nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət
iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etmək
məqsədilə ötən il mikromobillik zolaqları paytaxtın Hüseyn Cavid,
Xətai və İnşaatçılar prospektləri, Bəxtiyar Vahabzadə, Mirzağa
Əliyev, Abdulla Şaiq, Məmməd Rahim, Mikayıl Müşfiq, Nəcəfqulu
Rəfiyev, İzzət Orucova, Əbdürrəhim bəy Haqverdiyev və Xaqani
küçələri, Neftçilər prospektinin kənar yolu (Ağ Şəhər ərazisi),
həmçinin Bulvar və Mərkəzi Park ərazilərində yaradılıb. Son olaraq
işlər Şıxəli Qurbanov və Cəfər Cabbarlı küçələrində həyata
keçirilib.




Görülən işlər nəticəsində müvafiq nişanlanma işləri aparılıb,
təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın
təmin edilməsi üçün panduslar inşa olunub. Avtomobillərlə yarana
biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün
təhlükəsizlik sədləri təşkil edilib. Şəhərdə mövcud olan işıqfor
dirəklərində velosiped bölmələri quraşdırılıb. Qeyd olunan
istiqamətlərdə işlər davam etdirilir.

Həmçinin paytaxtda skuterlər üçün 700, velosipedlər üçün isə 564
parklanma məntəqəsi təşkil edilib.

Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan
marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin
mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin
qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi
baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər
konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsinin
genişləndirilməsi davam etdiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir