
Bakı. Trend:
Media təkcə informasiyanı ötürən vasitə deyil, eyni zamanda
ictimai düşüncənin, mədəni davranışın və dil vərdişlərinin
formalaşmasında mühüm rol oynayır. Bu baxımdan mediada Azərbaycan
ədəbi dilinin normalarına riayət olunması, fikrin aydın, etik
şəkildə çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Trend xəbər
verir ki, bu məqsədlə “Azərbaycan Televiziya və Radio Verilişləri”
QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında
mediada dil mədəniyyətinin yüksəldilməsinə həsr olunmuş təlimlərə
başlayır. Təlim proqramı ölkənin tanınmış dilçi alimləri, media
üzrə mütəxəssislər və ustad jurnalistlərin iştirakı ilə həyata
keçiriləcək.
Üç ay davam edəcək təlimlər çərçivəsində televiziya, radio,
informasiya agentlikləri və xəbər saytlarında çalışan 50-yə yaxın
gənc jurnalist, redaktor və aparıcı iştirak edəcək. Təlimlər zamanı
iştirakçılara Azərbaycan ədəbi dilinin norma və qaydaları, efir
dili, düzgün tələffüz, peşəkar nitq mədəniyyəti, etik üslub, habelə
mediada tez-tez rast gəlinən dil səhvləri və onların aradan
qaldırılması yolları barədə praktiki və nəzəri biliklər
veriləcək.
Təlimlərin əsas məqsədi mediada dilin keyfiyyətinin artırılması,
gənc media nümayəndələrinin peşəkar nitq bacarıqlarının inkişaf
etdirilməsi və ictimaiyyətə təqdim olunan məzmunun daha səlis,
anlaşılan və mədəni formada çatdırılmasına töhfə verməkdir.
Təlim proqramının sonunda iştirakçılar arasında aparılan
monitorinqin nəticələri açıqlanacaq, əldə olunan göstəricilər
əsasında ümumi qiymətləndirmə aparılacaq və treninqin effektivliyi
təhlil ediləcək.
Qeyd edək ki, bu təşəbbüs Azərbaycan dilinin mediada qorunması
və inkişaf etdirilməsi, eyni zamanda peşəkar jurnalistikanın
keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan
biridir.

