
Bakı.Trend:
Son zamanlar sosial şəbəkələrdə müzakirə olunan 5.53
məlumatverici yol nişanı ilə bağlı diqqətə çatdırmaq istərdim ki,
bu nişanla təchiz edilmiş yolayrıclarında nəqliyyat vasitələrinin
davamlı şəkildə sağa dönməsinə icazə verilir.
Bunu Trend-ə
açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin
Təhlükəsizliyinin Təbliği Şöbəsinin rəisi, polis polkovnik
leytenantı Rövşən Tağıyev deyib.
O, bildirib ki, sözügedən yol nişanı hərəkətin fasiləsizliyinin
təmin edilməsi, süni tıxacların qarşısının alınması və yolun
buraxıcılıq qabiliyyətinin artırılması məqsədi ilə tətbiq
olunur.
“Eyni zamanda xüsusi olaraq vurğulanmalıdır ki, 5.53 yol nişanı
sürücüyə üstünlük hüququ vermir. Bu nişanın mövcudluğu sağa dönən
sürücünü digər yol hərəkəti iştirakçıları qarşısında məsuliyyətdən
azad etmir və diqqətli davranmaq öhdəliyini aradan qaldırmır. “Yol
hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə
uyğun olaraq, 5.53 nişanı tətbiq edilmiş yolayrıcında sağa dönən
sürücü yolayrıcına digər istiqamətlərdən hərəkət edən nəqliyyat
vasitələrinə, eləcə də dönmə zamanı hərəkətinə icazə verilmiş
piyadalara mütləq şəkildə yol verməlidir. Bu tələblərə riayət
olunması yolayrıclarında qəza riskinin azaldılmasına və ümumi
hərəkətin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir”.
Qurum rəsmisi əlavə edib ki, yol nişanlarının düzgün anlaşılması
və onların tələblərinə əməl edilməsi yollarda qarşılıqlı hörmətin,
nizamlı hərəkətin və ən əsası insan həyatının qorunmasının əsas
şərtlərindən biridir.

