Enerji layihələri Azərbaycanın qlobal miqyasda mövqeyini daha da möhkəmləndirir – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini
əvəzləməkdədir. Zəngin enerji resurslarına malik olan ölkəmiz
1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə iqtisadi və
siyasi mövqeyini möhkəmləndirmək imkanı qazandı.

Ölkəmizin bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə
müqayisə etdikdə bunu aydın şəkildə görürük. Baxmayaraq ki,
Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii
resurslara görə dünyanın diqqət mərkəzində olub, müstəqilliyimizin
bərpasının ilk illərində ictimai-siyasi durumun gərginliyi
ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin
tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların
təhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə Ulu Öndər
Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından
sonra ölkəmizdə sabitliyin və normal biznes mühitinin yaradılması
bu tərəddüdlərin aradan qaldırılmasında stimulverici amil oldu.
Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi.
Məhz o illərdə yaradılan möhkəm təməlin nəticəsində bu gün böyük
əminliklə qeyd edirik ki, Azərbaycan investisiya cəlbediciliyini
qoruyan ölkədir. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların
həcmi 310 milyard dollardan çoxdur ki, bunun da 200 milyard dolları
qeyri-neft sektorunun payına düşür.

Bugünümüzün əsas çağırışlarından biri bərpaolunan enerji
mənbələrinə investisiyaların yatırılmasıdır. Enerji
təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının
şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də
ölkəmizin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə görülən
işlər qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətli
tərəfdaş mövqeyini daha da gücləndirir. İşğaldan azad edilmiş
Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası
yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata
keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf
mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”,
“ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem
bərpa olunur.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.

Milli Məclisin deputatı bildirib ki, Səudiyyə Ərəbistanı
Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt
gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə
verilməsi ölkəmizin enerji təhlükəsizliyinin daha da
möhkəmləndirilməsində mühüm rol oynayacaq. Qeyd edək ki, bu
stansiyanın tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonunda
isə 22,6 hektar olmaqla ümumilikdə 37 hektara yaxın torpaq sahəsi
bərpaolunan enerji mənbələrinin ərazisi müəyyən edilib. Layihə üzrə
burada hər biri 6,5 MVt olan ümumilikdə 37, o cümlədən Abşeronda
12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidə stansiyaları, quşların
mühafizəsi sistemləri quraşdırılıb. Layihənin icrasına təxminən 340
milyon ABŞ dolları xarici investisiya yönəldilib. Stansiyanın illik
enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə
tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza
qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə
atılmasının qarşısı alınacaq. “Xızı-Abşeron” Külək Elektrik
Stansiyasının “Gülüstan” sarayında keçirilən rəsmi açılış
mərasimində çıxış edən Prezident İlham Əliyev stansiyasının
istismara verilməsini çox önəmli hadisə kimi dəyərləndirdi. Qeyd
etdi ki, 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz
töhfəsini verəcək. Son 20 il ərzində bizim enerji sistemimiz, yəni
generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü
xətlər tamamilə yenilənmişdir. Son 20 il ərzində ölkəmizdə
yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə
təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz
təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək
mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra
növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya
gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə
imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin
edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan böyük bərpaolunan
enerji potensialına malik olan ölkədir. Azərbaycan tarixən neft
ölkəsi kimi tanınmasına baxmayaraq bu gün qaz və elektrik enerjisi
ixracatçısı kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz regionda
yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə
liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük
töhfə verir. Ölkəmizlə həm ənənəvi enerji, həm də bərpaolunan
enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır.
2030-cu ilədək respublikamızın “yaşıl artım” ölkəsinə çevrilməsinin
və təmiz ətraf mühitə nail olmağın sosial-iqtisadi inkişafa dair
milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın
enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu gün
ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf
edir. Növbəti böyük stansiyaların Biləsuvar, Neftçala, Naxçıvan və
işğaldan azad edilmiş ərazilərdə açılışı nəzərdə tutulur. Xəzər
dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq
qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni, növbəti
illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Son beş il
ərzində yaşıl enerji zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurda
dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası
inşa edilib. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur.
Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının
xəritəsi tərtib edilib və həmin bölgədə təqribən 500-600 meqavat
gücündə kiçik su elektrik stansiyalarının inşa edilməsi nəzərdə
tutulur. Bərpaolunan enerji resurslarının texniki potensialı
Qarabağ və Şərqi Zəngəzurda 10 QVt, Naxçıvanda isə 5 QVt həcmində
qiymətləndirilir

Prezident İlham Əliyev “Xızı-Abşeron” Külək Elektrik
Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında qeyd etdi ki,
Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici
investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir.
Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub:
“Mən bir daha həm xarici, həm yerli investorların fəaliyyətini bu
qərara görə qiymətləndirirəm və onlara bir daha deyirəm ki,
Azərbaycana sərmayə qoyun. Azərbaycan dövləti xarici sərmayələri
daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun
illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir
dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də
dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə
cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı
dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir”.

Millət vəkili qeyd edib ki, Azərbaycanın bu gün böyük
investisiyalar məkanı kimi tanınmasında və nüfuz qazanmasında
“Əsrin müqaviləsi”nin rolu böyükdür. Ümummilli Lider Heydər Əliyev
bildirirdi ki, ölkəmizin qapısı bura xoş niyyətlə ayaq basan hər
bir xarici iş adamının üzünə açıqdır. Bu çağırış da edilirdi ki,
investorlar qoyacaqları vəsaitin təhlükəsizliyinə tam əmin ola
bilərlər. Azərbaycana böyük uğurlar qazandıran bu siyasət uğurla
davam etdirilir. Azərbaycan bu gün sabitlik məkanıdır və
investorlar ancaq sabitlik olan yerlərə sərmayə qoyurlar. Bu inam
da səsləndirilir ki, gələcəkdə daha çox xarici sərmayədar
Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək. Təbii ki,
bunu şərtləndirən amillər var. Azərbaycanın işğal altında olan
torpaqları azadlığa qovuşub. Hər bir ərazimiz özünəməxsus
potensiala malikdir. Onlardan səmərəli istifadə etmək məqsədilə həm
Prezidentin müvafiq Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü
həyata keçirildi, həm də «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər» təsdiqləndi. Artıq işğaldan azad edilmiş
ərazilərimizin malik olduqları potensialdan istifadə etmək
imkanlarına malikik. Tezliklə Qarabağımız və Şərqi Zəngəzurumuz
böyük investisiyalar məkanına çevriləcək.

Vüqar Rəhimzadə vurğulayıb ki, hazırda icra olunan birinci
mərhələ üzrə təqribən 2 QVt, sonrakı 5 il və daha uzun dövrdə əlavə
6 QVt-dan çox bərpa olunan enerji güclərinin istifadəyə verilməsi
nəzərdə tutulur. Birinci mərhələ üzrə yaradılacaq güclərin əsas
təyinatı daxili istehlak, sonrakı mərhələ üzrə isə iqtisadi
səmərəlilik meyarı əsas götürülməklə ixrac və ya data mərkəzlərin
enerji təminatı olacaq. Reallıq budur ki, Azərbaycan qlobal və
regional enerji təhlükəsizliyinin təminatında mühüm aktorlardan
biri kimi xüsusən də bərpaolunan enerjinin inkişafı sahəsində
davamlı layihələr həyata keçirir, regionda sülhü, sabitliyi və
təhlükəsizliyi dəstəkləyir. Yaşıl enerji növlərinin yaradılması və
yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji
siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi
istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin
payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir