
Bakı. Trend:
Vaşinqton və Kiyev Ukraynanın müharibədən sonrakı bərpası üçün
800 milyard dollar həcmində saziş imzalamağı planlaşdırır.
Trend-in
məlumatına görə, bu barədə “The Telegraph” nəşri öz mənbələrinə
istinadən yazıb.
Məlumata əsasən, sazişin detallarının Davosda ABŞ Prezidenti
Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında
razılaşdırılması nəzərdə tutulur. Plan 10 il müddətini əhatə
edəcək.
Mənbələr bildirir ki, təşəbbüsün əsas məqsədi iki liderin
görüşündən iqtisadi sazişi – müharibənin dayandırılmasına dair ABŞ
tərəfindən dəstəklənən təklifin əsas hissəsini yekunlaşdırmaq üçün
istifadə etməkdir.
“Rifah planı” adlandırılan layihə çərçivəsində Ukraynanın
bərpası və iqtisadi inkişafına dəstək məqsədilə on il ərzində
təxminən 800 milyard dollar vəsaitin cəlb edilməsi hədəflənir.
Nəşr qeyd edir ki, Ukrayna Prezidenti Volodimir Zelenski həm
müharibədən sonrakı iqtisadi bərpa planını, həm də təhlükəsizlik
təminatları ilə bağlı sazişi yekunlaşdırmaq üçün gələn həftə Ağ Evə
səfər etməyi planlaşdırsa da, “istəklilər koalisiyası”na daxil olan
avropalı tərəfdaşlar ona ABŞ-yə getməməyi tövsiyə ediblər.
Bildirilir ki, onlar Tramp ilə görüş üçün daha uyğun alternativ
kimi Davosda keçirilən Ümumdünya İqtisadi Forumunu təklif
ediblər.

