
Bakı. Trend:
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi
Rodriqez ABŞ-nin Bolivar Respublikasındakı əməliyyatının
nəticələrini Braziliya Prezidenti Luis İnasio Lula da Silva,
Kolumbiya Prezidenti Qustavo Petro və İspaniyanın Baş naziri Pedro
Sançes ilə müzakirə edib.
Trend xəbər verir
ki, bu barədə Delsi Rodriqez özünün Telegram kanalında məlumat
yayıb.
Bəyanatda bildirilir ki, söhbətlər zamanı Venesuela ərazisinə
edilən silahlı hücum, nəticədə 100-dən çox mülki şəxs və hərbçinin
həlak olması, eləcə də respublikanın konstitusiya prezidenti
Nikolas Maduronun və birinci xanım Siliya Floresin şəxsi
toxunulmazlığının pozulması da daxil olmaqla, beynəlxalq hüququn
ciddi şəkildə pozulması halları ətraflı şəkildə diqqətə
çatdırılıb.
Rodriqezin sözlərinə görə, tərəflər beynəlxalq hüquqa, dövlət
suverenliyinə və xalqlar arasında dialoqa hörmət əsasında
ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini
vurğulayıblar.
O əlavə edib ki, Venesuela suverenliyin və sülhün qorunmasının
yeganə yolu kimi Bolivar sülh diplomatiyası prinsiplərinə sadiq
qalaraq diplomatik vasitələrlə təcavüzə müqavimət göstərməyə davam
edəcək.

