Azərbaycan regionda “yaşıl enerji” sahəsində iddialı və ardıcıl siyasət yürüdən ölkələrdən biri kimi çıxış edir – Azər Qarayev

Baş səhifə

Bakı. Trend:

Son illər qlobal miqyasda enerji təhlükəsizliyi, iqlim
dəyişiklikləri və dayanıqlı inkişaf məsələləri dövlətlərin əsas
prioritetləri sırasına yüksəlib. Karbon emissiyalarının
azaldılması, alternativ və bərpa olunan enerji mənbələrinə keçid
artıq yalnız ekoloji seçim deyil, həm də iqtisadi və siyasi
zərurətə çevrilib. Bu kontekstdə Azərbaycan regionda “yaşıl enerji”
sahəsində iddialı və ardıcıl siyasət yürüdən ölkələrdən biri kimi
çıxış edir.

Bunu Trend
politoloq Azər Qarayev deyib.

“Azərbaycanın enerji strategiyası uzun müddət neft və qaz
ehtiyatlarına əsaslansa da, son illərdə bu model tədricən
şaxələndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həm
ənənəvi enerji sahəsində mövqelərini qoruyur, həm də bərpa olunan
enerji istiqamətində sistemli və uzunmüddətli addımlar atır.
2026-cı il yanvarın 8-də Bakıda “Gülüstan” sarayında 240 MVt
gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimi
bu siyasətin bariz nümunəsidir”, – o bildirib.

Politoloq xatıradıb ki, Prezident İlham Əliyev çıxışında
Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi,
modernləşdirilməsi və inkişafının son illər ərzində əsas
prioritetlərdən biri kimi qəbul edildiyinə toxunub.

“Bu modernləşmə yalnız mövcud generasiya güclərinin yenilənməsi
ilə məhdudlaşmayıb. Paralel olaraq bərpa olunan enerji mənbələrinin
enerji sisteminə inteqrasiyası genişlənib. Prezident İlham Əliyevin
sözlərinə görə, son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya
gücləri bütün əvvəlki dövrlərlə müqayisədə təxminən üç dəfə artıb.
Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata
bərabərdir.

240 MVt gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyası
Azərbaycanın bərpa olunan enerji sektorunda indiyədək
reallaşdırılmış ən iri layihələrdən biridir. Layihə Səudiyyə
Ərəbistanının aparıcı enerji şirkətlərindən olan “ACWA Power”
tərəfindən həyata keçirilib və bu, şirkətin Azərbaycanda ilk bərpa
olunan enerji layihəsidir. Prezident İlham Əliyev bu məqamı xüsusi
qeyd edib:

“Bu, “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmiş birinci
bərpa olunan elektrik stansiyasıdır, ancaq sonuncu deyil. Şirkətin
daha böyük planları var və Azərbaycan dövləti bu planları tam
dəstəkləyir”.

Stansiyanın təməli 2022-ci ilin yanvar ayında qoyulub və cəmi
dörd il ərzində layihə tam başa çatdırılaraq istismara verilib. Bu
fakt Azərbaycanın investisiya mühiti, dövlət-özəl tərəfdaşlığı və
icra intizamı baxımından mühüm göstəricidir”, – o bildirib.

A.Qarayev qeyd edib ki, “Xızı–Abşeron” Külək Elektrik Stansiyası
Abşeron və Xızı rayonlarının ərazisində yerləşir. Layihə
çərçivəsində ümumilikdə hər biri 6,5 MVt gücündə olan 37 külək
turbini quraşdırılıb. Stansiyanın illik enerji istehsalı təxminən 1
milyard kilovat-saat təşkil edir.

“Bu göstəricilər bir neçə mühüm nəticə yaradır: ildə təqribən
220 milyon kubmetr təbii qaza qənaət olunur; 400 min tondan çox
karbon qazı emissiyasının qarşısı alınır; ölkənin enerji balansında “yaşıl enerji”nin payı əhəmiyyətli dərəcədə artır. Layihəyə
ümumilikdə 340 milyon ABŞ dolları həcmində xarici investisiya cəlb
edilib. Bu fakt bir daha göstərir ki, Azərbaycan “yaşıl enerji”
sahəsində xarici sərmayədarlar üçün etibarlı və cəlbedici
məkandır.




“Xızı–Abşeron” layihəsi təkcə enerji istehsalı deyil, həm də
uğurlu beynəlxalq əməkdaşlıq nümunəsidir. Layihənin baş podratçısı
Çinin “Power China Huadong Engineering Co., Ltd.” şirkətidir.
Prezident İlham Əliyev bu əməkdaşlığı yüksək qiymətləndirərək
bildirib: “Burada biz çox uğurlu beynəlxalq əməkdaşlıq nümunəsini
görürük”.

Eyni zamanda Səudiyyə Ərəbistanı Krallığının energetika
nazirinin müavini Nasser Əl-Qahtani çıxışında bu layihənin iki ölkə
arasında strateji tərəfdaşlığın göstəricisi olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu əməkdaşlıq təkcə bir layihə ilə
məhdudlaşmır və gələcəkdə quruda və dənizdə yeni külək enerjisi
layihələrini, eləcə də enerji saxlanması sistemlərini əhatə
edəcək”, – o bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycanın “yaşıl enerji”
strategiyasında Xəzər dənizi xüsusi yer tutur. Beynəlxalq
qiymətləndirmələrə görə, Xəzər dənizinin Azərbaycan sektorunda
külək enerjisi potensialı 157 giqavat səviyyəsindədir. Prezident
İlham Əliyev bu barədə deyib: “Xəzər dənizinin Azərbaycan
sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157
giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses
Azərbaycanda geniş vüsət alacaq”.

Bu potensialın reallaşdırılması Azərbaycanı regionun əsas “yaşıl
enerji” mərkəzlərindən birinə çevirə bilər. Xüsusilə Avropaya
yönələn “yaşıl enerji dəhlizi” təşəbbüsləri bu baxımdan strateji
əhəmiyyət daşıyır.

Bərpa olunan enerji mənbələrinin əsas problemlərindən biri
istehsalın fasiləli xarakter daşımasıdır. Azərbaycan bu məsələni də
qabaqcadan nəzərə alaraq enerji saxlanması sahəsində addımlar atır.
Prezident İlham Əliyevin açıqlamasına görə, ölkə tarixində ilk dəfə
olaraq 250 MVt gücündə Batareya Enerji Saxlanc Sistemi yaradılır: “Bizdə bərpa olunan enerji potensialı çox artacaq, əlbəttə, biz bu
enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq”.

Bu yanaşma göstərir ki, Azərbaycan “yaşıl enerji”yə yalnız
istehsal deyil, bütöv enerji ekosistemi prizmasından baxır.
İşğaldan azad edilmiş ərazilər Azərbaycanın yaşıl enerji
xəritəsində xüsusi yer tutur. Son beş ildə Qarabağ və Şərqi
Zəngəzurda 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib və
onların ümumi gücü 300 MVt-dan artıqdır. Gələcəkdə bu bölgədə daha
500–600 MVt gücündə su elektrik stansiyalarının tikintisi
planlaşdırılır. Bu layihələr həm enerji təhlükəsizliyinə, həm də
bölgənin sosial-iqtisadi dirçəlişinə töhfə verir”, – o
bildirib.

Onun sözlərinə görə, Azərbaycanın “yaşıl enerji” sahəsində
uğurunun əsas səbəblərindən biri də sabit və etibarlı investisiya
mühitidir.

“Prezident İlham Əliyev çıxışında bu məqama xüsusi diqqət çəkib: “Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur… qəbul edilmiş
qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki
maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək”.

Bu prinsip ölkəyə indiyədək 300 milyard dollardan çox xarici
sərmayənin cəlb edilməsini təmin edib. Aşağı xarici borc səviyyəsi
və yüksək valyuta ehtiyatları isə bu etibarlılığı daha da
gücləndirir. İmzalanmış müqavilələrə əsasən, 2030-cu ilə qədər 6
qiqavat, 2032-ci ilə qədər isə 8 giqavat gücündə külək və günəş
elektrik stansiyalarının inşası planlaşdırılır. Bu, Azərbaycanın
enerji balansında “yaşıl enerji”nin payını kəskin şəkildə
artıracaq. Prezident İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan
bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik
ölkəsi olacaq”.

“Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı təkcə bir
enerji obyektinin istifadəyə verilməsi deyil, Azərbaycanın “yaşıl
enerji” strategiyasının praktik təcəssümüdür. Bu layihə ölkənin
bərpa olunan enerji potensialını, beynəlxalq tərəfdaşlıq
imkanlarını və uzunmüddətli strateji baxışını aydın şəkildə nümayiş
etdirir. Azərbaycan bu gün həm neft-qaz ixracatçısı, həm də
gələcəyin “yaşıl enerji” ixracatçısı kimi mövqeyini formalaşdırır.
Atılan addımlar göstərir ki, bu yol təsadüfi deyil — düşünülmüş,
ardıcıl və real nəticələrə hesablanmış dövlət siyasətidir”, –
A.Qarayev əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir