Azərbaycanın enerji təhlükəsizliyi möhkəm əsaslar üzərində formalaşıb – Kamaləddin Qafarov

Baş səhifə

Bakı. Trend:

Yanvarın 8-də Bakıda “Gülüstan” sarayında “Xızı-Abşeron” Külək
Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerji
strategiyasında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi
dəyərləndirilə bilər.

Bu fikri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov səsləndirib.

O bildirib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, 240
meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini
verəcək.




“Qlobal miqyasda enerji təhlükəsizliyi və iqlim dəyişiklikləri
ilə mübarizənin prioritetə çevrildiyi bir dövrdə Azərbaycanın
bərpaolunan enerji mənbələrinə əsaslanan layihələrə önəm verməsi
dövlət siyasətinin uzaqgörənliyini və məsuliyyətini aydın şəkildə
nümayiş etdirir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyası təkcə
yeni generasiya gücü deyil, eyni zamanda ölkənin “yaşıl enerji”
gündəliyinin real nəticəyə çevrilməsinin bariz nümunəsidir.”

Millət vəkilinin fikrincə, layihənin Səudiyyə Ərəbistanının
“ACWA Power” kimi dünyada aparıcı enerji şirkətlərindən biri
tərəfindən icra olunması Azərbaycanın beynəlxalq investisiya
mühitinə olan yüksək etimadın göstəricisidir:

“Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu stansiya
“ACWA Power”in Azərbaycanda həyata keçirdiyi ilk bərpaolunan enerji
layihəsidir, lakin sonuncu deyil. Şirkətin ölkəmizlə bağlı geniş
planları var və Azərbaycan dövləti bu təşəbbüsləri tam şəkildə
dəstəkləyir. Xüsusilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması
kimi strateji əhəmiyyət daşıyan layihənin də məhz bu şirkət
tərəfindən icra ediləcək olması, əməkdaşlığın təkcə enerji sektoru
ilə məhdudlaşmadığını, daha geniş iqtisadi və ekoloji hədəfləri
əhatə etdiyini göstərir. Bu cür layihələr Azərbaycanın regionda
innovativ və etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.
Dövlət başçısının öz çıxışında xüsusi vurğuladığı məqamlardan biri
də son 20 ildə Azərbaycanın enerji sisteminin əsaslı şəkildə
modernləşdirilməsi və yenilənməsidir. Bu dövr ərzində generasiya
güclərinin, yarımstansiyaların və ötürücü xətlərin tamamilə yenidən
qurulması nəticəsində ölkənin enerji təhlükəsizliyi möhkəm əsaslar
üzərində formalaşıb. Generasiya güclərinin əvvəlki dövrlərlə
müqayisədə təxminən üç dəfə artaraq 10 min meqavata çatması tarixi
rekord olmaqla yanaşı, həm də gələcəyə hesablanmış strateji
planların nəticəsidir. Qarşıdakı illərdə yeni bərpaolunan enerji
layihələrinin reallaşması bu göstəricinin daha da yüksələcəyini
şərtləndirir. Bu isə Azərbaycana həm artan daxili tələbatı tam
şəkildə ödəmək, həm də elektrik enerjisinin ixracını
genişləndirməklə regional enerji mərkəzi statusunu daha da
gücləndirmək imkanı yaradacaqdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir