Təhsil sənədlərinin “mygov” üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir

Baş səhifə

Bakı. Trend:

Təhsil sahəsinin rəqəmsallaşması istiqamətində növbəti mühüm
addım atılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
təsdiqlədiyi yeni qaydalar təhsil haqqında dövlət sənədlərinin
rəqəmsal formada verilməsini nəzərdə tutur. Bu qərar vətəndaşlar
üçün təhsil sənədlərinə rahat çıxış imkanlarını əhəmiyyətli
dərəcədə artırır və təhsil idarəçiliyində səmərəliliyin
yüksəlməsinə töhfə verir.

Yeni qaydalara əsasən ali, orta ixtisas, peşə və ümumi təhsil
pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara
əlavə olunan sənədlər rəqəmsal formatda formalaşdırılacaq və hüquqi
qüvvəyə malik olacaq. Bununla da, təhsil haqqında dövlət
sənədlərinin təqdim edilməsi prosesi tam rəqəmsal müstəviyə
keçəcək.




Vətəndaşlar təhsil haqqında sənədlərini “mygov” platforması
üzərindən təqdim edə biləcək və bu sənədlər tam hüquqi qüvvəyə
malik olacaq. Bunun üçün “mygov” platformasında “Xidmətlər”
bölməsindən “Təhsil” kateqoriyasını seçərək müvafiq məlumat və
sənədlərə çıxış əldə etmək mümkün olacaq. Bundan əlavə, vətəndaşlar
təhsil məlumatlarını “mygov” tətbiqi üzərindən QR kod vasitəsilə
paylaşa, həmçinin sənədləri PDF formatında yükləyə bilərlər.
Tətbiqdə yer alan “Paylaşdığım məlumatlarım” bölməsi vasitəsilə isə
təhsil məlumatlarının nə vaxt, kimlə və hansı platformada
paylaşıldığına dair tarixçəni izləmək mümkündür.

Qeyd edək ki, bu günə qədər İnnovasiya və Rəqəmsal İnkişaf
Agentliyinin Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı
nəticəsində bir sıra təhsil məlumatları rəqəmsallaşaraq “mygov”a
inteqrasiya olunub. Hazırda platforma üzərindən diplom və xarici
diplom məlumatları, tələbə bileti, tələbə və məzun statusu, xaricdə
təhsil üzrə Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramı
çərçivəsində təhsil məlumatları, peşə və ümumi təhsil sənədləri,
cari ali və orta ixtisas təhsili, cari ümumi təhsil haqqında
məlumatlar, eləcə də imtahana buraxılış vərəqəsi kimi sənəd və
məlumatlar vətəndaşlara təqdim olunur. Sənəd və məlumatların əhatə
dairəsinin mərhələli şəkildə genişləndirilməsi və platforma
üzərindən daha çox təhsil məlumatının əlçatan edilməsi
istiqamətində müvafiq işlər davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir