
Bakı. Trend:
Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı davam
etməkdədir.
Trend-in
məlumatına görə, növbəti yarış günündə sərbəst güləş üzrə 57, 65,
74, 86 və 97 kq çəki dərəcələrində qaliblər və mükafatçılar müəyyən
olunub.
57 kq-da İslam Bazarqanov final görüşündə Vasif Bağırovu məğlub
edərək Azərbaycan çempionu adını qazanıb. Məhəmməd İsmayılov və
Elman Ağayev isə bürünc medallara layiq görülüblər.
65 kq çəki dərəcəsində Rəşid Babazadə finalda Musa Ağayevi
üstələyərək ölkə çempionu olub. Bu çəkidə bürünc medalları Əli
Rəhimzadə və Murad Haqverdiyev əldə ediblər.
74 kq-da Turan Bayramov final qarşılaşmasında Ağanəzər Novruzovu
məğlub edərək çempionluğa yüksəlib. Bürünc medallar Nurlan Ağazadə
və Musa Verdiyevə nəsib olub.
86 kq-da Arseniy Djioyev həlledici görüşdə Orxan Abasovdan üstün
olub. Bürünc mükafatlar Əşrəf Aşırov və Nəsib İsayevə qismət
olub.
97 kq çəki dərəcəsində isə Maqomedxan Maqomedov finalda Osman
Nurmaqomedovu məğlub edərək Azərbaycan çempionu adına sahib çıxıb.
Zəfər Əliyev və Abdulcəlil Şabanov bürünc medallarla
kifayətləniblər.

