Bakı. Trend:
Yanvarın 11-də Azərbaycan mətbuatının tarixində xüsusi yeri olan
“Səs” qəzetinin 35 yaşı tamam olur. Ötən 35 ildə qəzet öz
fəaliyyətini necə qurub, cəmiyyətdə hansı imici qazanıb? “Səs”
qəzetinin baş redaktoru Bəhruz Quliyev müsahibədə bu sualları
aydınlıq gətirib.
- Azərbaycanın müstəqilliyini bərpa etməsindən 9 ay
öncə fəaliyyətə başlayan “Səs” qəzetinin yaranma zərurəti və
keçdiyi yol haqda nələri deyə bilərsiniz?
“Səs” qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir
dövrdə ərsəyə gəldi. O dövrdə respublikada ictimai-siyasi durum
olduqca gərgin idi, hakimiyyət uğrunda amansız mübarizələr gedirdi,
ölkəmiz Ermənistanın işğal və soyqırım təcavüzünə məruz qalmışdı,
yüzminlərlə qaçqın-köçkün öz doğma torpaqlarından didərgin
düşmüşdü.
Ölkədə ağır sosial-iqtisadi durum hökm sürürdü. Etiraf edək ki,
belə bir çətin dövrdə müstəqil qəzetin fəaliyyətə başlaması böyük
cəsarət və risk tələb edirdi. Lakin qəzetin yaradıcıları bu işin
altına girdilər. Fəaliyyətə başladığı ilk gündən qəzet konkret
ideologiyaya əsaslandı. Sırf ideloji bir qəzet kimi fəaliyyətə
başlamağın çətinlikləri isə daha çox idi.
Xatırlayırsınızsa, həmin dövrdə hakimiyyətdə olan qaragüruh
qüvvələrin siyasi sifarişi əsasında respublikanın bir sıra mətbu
orqanlarında Ulu Öndər Heydər Əliyevə qarşı iftira və qarayaxma
kampaniyası aparılırdı.
Həmin dövrdə xalqımız və dövlətçiliyimiz qarşısında öz tarixi
məsuliyyətini dərk edən qəzetimizin qurucuları belə bir
məsuliyyətli və dövlətçiliyimiz üçün həlledici mərhələdə Ümummilli
Lider Heydər Əliyev ideyalarını ictimai rəyə çatdırmaq kimi şərəfli
bir missiyanı öz üzərinə götürdülər.
Qəzetimiz həmin dövrdə mövcud olan hakimiyyətə qarşı müxalif
mövqedə idi və haqlı olaraq bu mətbu orqanın qurucuları bütün
Azərbaycan vətəndaşları kimi xalqımızın gələcək taleyini böyük
tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevlə birgə görürdülər.

Xalqın inam və arzusunu çəkinmədən ifadə edərək Ümummilli Lider
Heydər Əliyev dühasına üz tutan insanlar, xüsusi ilə cəmiyyətin
ziyalı təbəqəsi ağır təqib və təzyiqlərə məruz qalırdılar. Buna
baxmayaraq, qəzet çox böyük fədakarlıqla Heydər Əliyev ilə bağlı
xalqın arzu və istəyini dilə gətirirdi.
Təsadüfü deyildi ki, 1992-ci ilin oktyabrında ölkə ziyalıları
xalqın iradəsini ifadə edərək Ümummilli Lider Heydər Əliyevə “Səs”
qəzeti vasitəsilə müraciət etdilər. Ulu Öndər Heydər Əliyev əslində
xalqın çağırışı olan bu müraciətə biganə qalmadı, öz cavab
məktubunda Azərbaycan dövlətinin xilas yolunu, müstəqilliyin
qorunub-saxlanılması strategiyasını açıqladı. Bizim üçün şərəflidir
ki, bu cavab da məhz “Səs” qəzetində dərc olunub.
Məhz buna görə Ulu Öndər Heydər Əliyev YAP-ın 10 illik
yubileyindəkı çıxışında “Səs”i Azərbaycanın tarixinə düşmüş bir
qəzet kimi xarakterizə etmiş və demişdi: “Səs” qəzeti mənim üçün
çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi
qiymətləndirirəm. O zaman ki, mən Naxçıvanda işləyirdim və Bakıda
bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. “Səs”
qəzeti cəsarətlə çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini
deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi.
Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda
mübarizə aparmağı bacarırdı. “Səs” qəzetinin YAP-ın yaranmasında,
cəmiyyətin maarifləndirilməsində məlumatlandırılmasında çox böyük
rolu olub. “Səs” qəzeti tarixə düşmüş bir qəzetdir”.
- “Səs” qəzeti dövlətin, ölkə başçısının və YAP-ın
fəaliyyətinin cəmiyyətə çatdırılmasında önəmli rolu olan bir
qəzetdir. Qəzetin siyasi proseslərdə rolunu necə
dəyərləndirirsiniz?
“Səs” qəzeti həmişə Yeni Azərbaycan Partiyasının ideoloji
təbliğat vasitəsi olub və təqdirəlayiqdir ki, qəzetimiz cəmiyyətdə
məhz bu cür tanınır. Qəzet fəaliyyətə başladığı 1991-ci ildən
etibarən daim Ulu Öndər Heydər Əliyevin ideyalarına və dövlətçilik
xəttinə sədaqətlə xidmət edib.
Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün
kütləvi informasiya vasitələri kimi “Səs” qəzeti də öz fəaliyyətini
normal şəkildə davam etdirib və həm ulu öndərin, həm də YAP-ın
fəaliyyəti haqda cəmiyyəti məlumatlandırmaq missiyasını davam
etdirib. Biz bu gün də bu siyasi kursa, dövlətçilik ideologiyasına
sadiqik və daim bu amal uğrunda çalışırıq.

Bundan başqa, qəzet ölkədə və dünyada baş verən hadisələri,
insanların fikirlərini, əldə olunan uğurları və problemləri də öz
səhifələrində işıqlandırır. Eyni zamanda, qəzetimiz dövlətimizin
həyata keçirdiyi siyasətin ictimai rəyə təqdim olunması, obyektiv
olaraq bu siyasətin xalqa çatdırılmasında fəal iştirak edir. Biz bu
sahədə də öz məsuliyyətimizi dərk edərək hesab edirik ki, bu gün
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın
regionda mövqelərini daha da möhkəmləndirib, respublikamız regionda
lider ölkəyə çevrilib. Kütləvi informasiya vasitəsi olaraq bu
siyasəti dəstəkləməyi bizdən xalqın Prezident İlham Əliyevə olan
inam və etibarı tələb edir.
- İndiki dövrdə “Səs” qəzeti öz fəaliyyət
prinsiplərini hansı istiqamətlərdə həyata
keçirir?
Biz dövlətçilik və Ümummilli Lider Heydər Əliyevin ideyaları
qarşısında daim öz məsuliyyətimizi dərk edirik. Xalqın sosial
sifarişini düzgün olaraq qiymətləndirməyə çalışırıq. Bilirik ki,
Azərbaycan xalqı həmişə Ulu Öndər Heydər Əliyevin yanında olub və
bu gün də onun ideyalarını uğurla həyata keçirən Prezident İlham
Əliyevlə birlikdədir.
Ümumiyyətlə, “Səs” qəzetinin Azərbaycan mətbuatında özünəməxsus
yeri var və bu qəzet ölkədə vətəndaş cəmiyyətinin qurulmasına,
dövlətçiliyin qorunmasına, milli maraqlarımızın müdafiə edilməsinə
öz töhfəsini verib. Biz təkcə YAP-ın və onun liderinin deyil,
cəmiyyətin bütün qüvvələrinin sözünü öz qəzetimizdə veririk.
“Səs” qəzeti həmişə dövlətçiliyin, ulu öndərin yaratdığı
Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində fəaliyyət
göstərib. Gənc nəslin dövlətçilik ruhunda tərbiyəsi və
maarifləndirilməsi üçün müxtəlif layihələr həyata keçirmişik.
Müxtəlif ictimai-siyasi mövzularda ölkənin müxtəlif şəhərlərində
dəyirmi masalar təşkil olunub, tanınmış ictimai xadimlərinin,
deputatların, məmurların, ziyalıların fikirləri cəmiyyətə
çatdırılıb.
Bölgələrdə gedən quruculuq işləri və dövlət proqramlarının
icrası ilə bağlı tədbirlər təşkil etmişik və görülən işləri ölkə
ictaimiyyətinə çatdırmışıq.
Dövrün tələblərinə uyğun olaraq, “Səs” qəzeti də daim yenilənir,
müasir texnologiyalara yiyələnir. Ölkə media məkanında ilk dəfə
olaraq biz qəzet səhifəsində QR kod sistemi ilə xəbərləri,
reportajları, müsahibələri videoformatda izləmək texnologiyası
tətbiq etmişik. Bu da oxucular tərəfindən maraqla qarşılanıb.
Əlamətdar tarixlərdə multimedia diskləri hazırlayıb yaymışıq,
xüsusilə nömrələr çap etmişik.

Qəzetin bazası əsasında yaradılmış “Səs” İnformasiya Agentliyi
fəaliyyət göstərir və qısa zamanda bu agentlik öz maraqlı, obyektiv
informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici
ölkələrdə yaşayan azərbaycanlıların mütəmadi izlədikləri bir
internet resursa çevrilib.
Media Qrupumuza daxil olan “Səs” televiziyası da indiki
informasiya və texnologiya dövründə media məkanımızda özünə layiqli
yer tutub. Televiziyanın verilişlərini ölkə daxilindən və xarici
ölkələrdən xeyli tamaşaçı izləyir. Səs TV gün ərzində bir neçə dəfə
canlı yayımla verilən verilişlər, maarifləndirici proqramlar, xəbər
süjetləri ilə tamaşaçılarının marağını çəkir.
Yeni çağırışlara uyğun olaraq media qrupumuz sosial şəbəkələrin
hamısında fəal şəkildə xəbər yayır, çoxmilyonluq auditoriyalara
çıxır. Həm ölkə daxilindən, həm də xaricdən ümumilikdə milyonlarla
izləyici xəbərləri bizim sosial şəbəkə kanallarından və
səhifələrindən əldə edir.
Məlum olduğu kimi, “Səs” qəzetinın adı elə “səs” sözünü özündə
ehtiva edir və bu baxımdan bizim radiomuzun da olması lazımdır.
Yaxın gələcəkdə “Səs” radiosunun yaradılmasına nail olacağımıza
inanırıq.
“Səs” həm də bir məktəbdir, burada indiyədək yüzlərlə gənc
jurnalist yetişdirilib və onların bir çoxu ölkəmizin müxtəlif media
orqanlarında, həmçinin xarici media resurslarında işləyirlər.
Ümumilikdə Səs Media Qrupunda 50 nəfərədək əməkdaş çalışır.
Ölkənin bütün regionlarında və bəzi xarici ölkələrdə müxbir
postlarımız var. Biz ən yeni müasir texnologiyaların tətbiqi,
peşəkar iş mühitinin formalaşdırılması ilə ölkəmizin media
məkanında özümüzün layiqli yerimizi tutmuşuq. “Səs” Media Qrupu həm
ideoloji, həm də informasiya mərkəzi kimi böyük tarixə malik bir
sistem olaraq fəaliyyətini davam etdirir.
- Azərbaycanda dövlət-media münasibətlərini necə
qiymətləndirmək olar?
Ulu öndər dəfələrlə dövlət məmurlarına mətbuata, qəzetlərə
güzəştlər etməyin vacib olduğunu bildirib, başqa sahələrdə
çalışanlarla yanaşı, jurnalistlərin fəaliyyətini də stimullaşdırmaq
məqsədilə dəfələrlə müxtəlif tapşırıq və tövsiyələr verib. Azad
sözün inkişafı naminə müxtəlif sərəncamlar imzalayıb və mətbuatın
inkişafı üçün münbit şərait yaradıb.
Bunun nəticəsidir ki, neçə-neçə yaşlı jurnalist Prezident
təqaüdünə təqdim olunub, qəzetlərin nəşriyyata olan borcları
dondurulub, həmkarlarımız təltif olunublar. Ulu Ondər Heydər Əliyev
mətbuata tolerant yanaşan, azad fikirli, demokrat bir insan idi.
Onun siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilir.
Prezident İlham Əliyev ulu öndərin yolunu davam etdirərək
mətbuatın inkişafı naminə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan
borcunu birdəfəlik ləğv edib və layiqli jurnalistlərə mükafatlar
verib. Prezident İlham Əliyev daim mətbuatın inkişafı üçün lazımi
addımlar atır, tapşırıqlar və sərəncamlar verir.

Milli mətbuatımızın ildönümləri ilə bağlı Prezident İlham
Əliyevin sərəncamı ilə mətbuatımızın inkişafında xidmətləri olan
bir qrup jurnalistə fəxri adlar və sair mükafatlar verilməsi media
mənsublarının əməyinə verilən layiqli qiymətdir.
Bundan başqa, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlə
jurnalistlər üçün 2 böyük yaşayış binası tikilib və yüzlərlə
jurnalist ailəsi mənzillə təmin olunub. Jurnalistlərin sosial
müdaifəsi ilə bağlı da xeyli işlər görülüb. Milli Mətbuatımızın 150
illik yubileyi münasibətilə yüzlərlə jurnalist ölkə başçısı
tərəfindən mükafatlandırılıb.
İnkişaf olan yerdə, sözsüz ki, problemlər də var. Lakin, bu gün
milli mətbuatımız inkişaf etmiş ölkələrdən, demokratik ənənələri
yüz illərlə ölçülən ölkələrin mediasından heç də geri qalmır.

