
Bakı. Trend:
İran hökuməti zəruri məhsulların idxalı üçün ayrılan xarici
valyutanın qarşılığını birbaşa şəkildə vətəndaşlara verir.
Trend-in
məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün İran
vətəndaşlarına müraciətində deyib.
Onun sözlərinə görə, indiyə qədər ölkədə subsidiya olaraq bir
sıra zəruri məhsullar və tibbi ləvazimatın ölkəyə idxalına aşağı
qiymətlərlə xarici valyuta ayrılırdı. Bu isə ölkədə renta və
korrupsiyaya yol açmış və nəticədə vətəndaşlar həmin ayrılan
subsidiyadan faydalana bilmirdilər.
Pezeşkian deyib ki, bu əsasda hər bir vətəndaş 10 milyon rial
(təxminən 10 dollar) dəyərində hər aylıq zəruri məhsulların satın
alınması üçün hökumətdən vəsait alır. Hökumətin vətəndaşların
məişət durumuna dəstək məqsədilə ilə tətbiq olunan proqram əslində
bazarda rəqabət yaradır. Belə ki, ölkəyə məhsul idxal hər bir
idxalçı ucuz idxal etdiyi halda ucuz, baha idxal etdiyi halda baha
satacaq.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.

