
Bakı. Trend:
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının
məşqçilər heyətində yeni təyinatlar həyata keçirilib.
Trend xəbər verir ki, qərara
əsasən, Rəşad Hüseynov U-21-in məşqçisi, Qara Qarayev isə analitik
vəzifəsinə təyin olunub.
AFFA rəhbərliyi yeni təyinatların 21 yaşadək futbolçulardan
ibarət Azərbaycan millisinin inkişafına, gənc oyunçuların hazırlıq
prosesinin daha səmərəli təşkilinə və beynəlxalq oyunlara daha
sistemli şəkildə hazırlanmalarına töhfə verəcəyinə ümid edir.
Qeyd edək ki, 25 yaşından məşqçilik fəaliyyəti ilə məşğul olan
Rəşad Hüseynov müxtəlif illərdə “Rəvan”, “Zirə”, “Sabah” və
“Neftçi” klublarında çalışıb. 36 yaşlı mütəxəssis “Sabah”da əsas
komandanın baş məşqçisinin köməkçisi vəzifəsini də yerinə
yetirib.
Azərbaycan futbolunun tanınmış simalarından olan Qara Qarayevin
isə peşəkar karyerasının böyük hissəsi “Qarabağ”la bağlı olub.
Milli komandamızın 33 yaşlı sabiq yarımmüdafiəçisi daha sonra
“Neftçi” və “Araz-Naxçıvan”da çıxış edib.

