
Bakı. Trend:
Çinin Ticarət Nazirliyi Avropa Birliyi ilə (Aİ) Çin elektrikli
nəqliyyat vasitələri ixracatçılarının Aİ bazarına daxil olması üçün
qaydalara ehtiyac barədə razılığa gəldiyini açıqlayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən məlumat verir.
Məlumata görə, Aİ elektrikli nəqliyyat vasitələri üçün minimum
qiymət planlarını “obyektiv və ədalətli şəkildə, ayrı-seçkiliyə yol
verilməməsi prinsipi və Ümumdünya Ticarət Təşkilatının müvafiq
qaydalarına uyğun olaraq” əks etdirən sənəd dərc edəcək.
Pekin bu irəliləyişi ikitərəfli məsələlərin dialoq yolu ilə
həllinə hazır olduğunu və iqtisadi-ticarət əlaqələrinin sağlam
inkişafını təmin etmək niyyətini göstərən addım kimi
qiymətləndirib.
Qeyd edək ki, Çin və Aİ arasında elektromobillərlə bağlı
gərginlik Aİ-nin Çini yerli istehsalçılara “ədalətsiz” subsidiyalar
verməkdə ittiham etməsindən sonra yaranıb. Aİ bu üstünlüklərin
Avropa istehsalçıları ilə rəqabəti pozduğunu bildirərək 2024-cü
ilin dekabrında Çindən elektromobil idxalına kompensasiya rüsumları
tətbiq edib.

