ABB Dövlət Vergi Xidməti ilə aksizli malların ödənişi üzrə tərəfdaşlığa başladı

Baş səhifə

Bakı. Trend:

ABB və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
arasında qurulan əməkdaşlıq və məlumat sistemlərinin inteqrasiyası
nəticəsində sahibkarlar üçün aksizli malların, ilkin mərhələdə
tütün məmulatlarının satışı zamanı ödənişlərin ABB Biz tətbiqi
vasitəsilə rəqəmsal qaydada həyata keçirilməsini təmin edən yeni,
rahat və innovativ mexanizm istifadəyə verilib.

Bu mexanizm aksizli mallara görə ödəniş üçün əvvəllər istifadə
edilən fərqli sistemlərə keçid ehtiyacını aradan qaldırır.
Sahibkarlar ABB Biz tətbiqi daxilində alınan malların adını,
sayını, qiymətini və məcburi nişanlama kodlarını görərək ödənişi
eyni yerdən cəmi bir toxunuşla tamamlaya bilirlər.

Məlumat üçün bildirək ki, mövcud qaydalara əsasən aksizli
malların satışı zamanı malların üzərində yerləşən DataMatrix (QR)
kodları satıcı və alıcı tərəfindən ayrı-ayrılıqda skan edilməli,
“Təqib və İzləmə Sistemi”ndə (TİS) yerdəyişmə və qəbul
əməliyyatları təsdiqlənməli, ödəniş isə ayrıca həyata keçirilməli
idi. Yeni mexanizm sayəsində tütün məmulatları üzrə kodların
yenidən skan edilməsinə ehtiyac qalmır, təkrar əməliyyatlar aradan
qalxır və sahibkarların işi daha da asanlaşır.

Qeyd olunan imkan ABB Biz tətbiqi və TİS sistemlərinin
inteqrasiyası nəticəsində mümkün olub. Belə ki, topdansatışçı
tərəfindən aksizli mallarla bağlı sifariş məlumatları daxil
edildikdən sonra, sahibkara avtomatik bildiriş göndərilir və
sifariş üzrə bütün ödəniş məlumatları ABB Biz tətbiqində əks
olunur. Bu məlumatlar TİS bölməsində “Ödənilməli” statusu ilə
görünür.




Bildirişi alan sahibkar əlavə sistemlərə keçid etmədən, ABB Biz
tətbiqi daxilində cəmi bir toxunuşla ödənişi həyata keçirir. Ödəniş
tamamlandıqdan sonra TİS-də müvafiq əməliyyatlar avtomatik icra
olunur.

Eyni zamanda, sahibkar öz kassiri, anbardarı və ya digər
səlahiyyətli nümayəndəsi üçün ABB Biz tətbiqi vasitəsilə elektron
etibarnaməsini rəsmiləşdirərək, ona aksizli mallar üzrə ödənişlərin
həyata keçirilməsi səlahiyyəti verə bilər. Bu isə gündəlik
əməliyyatların daha rahat təşkilinə imkan yaradır. ABB Biz aksizli
malların ödənişi üzrə sahibkarlar üçün vahid, rahat və müasir bank
həlli kimi çıxış edir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet
səhifəsi https://abb-bank.az/ ,
937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən
əldə etmək mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir