
Bakı. Trend:
2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycan
Silahlı Qüvvəllərinin yalnız qəhrəmanlığını deyil, həm də
humanizmini nümayiş etdirdi.
Bunu Trend-ə
açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, müharibə zamanı Azərbaycan Ordusu öz
qəhrəmanlığı ilə yanaşı, həm də humanizmi, yüksək hərbi mədəniyyəti
ilə bütün dünyanı heyrətdə qoydu:
“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində
dünyanın ən güclü ordularında belə heyrət doğuran misilsiz
qəhrəmanlıqlara, bənzərsiz igidliklərə imza atdı. Şuşa şəhərinin
yalın əl və yüngül atıcı silahlarla azad edilməsi, minalanmış,
müxtəlif əngəllər və çoxsaylı istehkamlarla möhkəmləndirilmiş
müdafiə zolaqlarının ildırım sürəti ilə yarılması və s. Azərbaycan
əsgərinin qarşısıalınmaz olduğunu göstərdi. Bununla yanaşı,
müharibə sübut etdi ki, Azərbaycan Ordusu qəhrəman olduğu qədər də
humanistdir. O, lüzumsuz zorakılığa, gərəksiz şiddətə yol vermir.
Qəhrəmanlıqla yanaşı, mərhəmət göstərməyi, rəhm etməyi də bacarır.
Məhz buna görə də Ordumuz müharibə dönəmində bir nəfər də olsun
mülki ermənini hədəf almadı.
Xatırladım ki, 5 yanvar 2026-cı il tarixində dövlət başçısı
yerli telekanallara müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin
Vətən müharibəsindəki humanizminə diqqət çəkdi. Müzəffər Ali Baş
Komandan,Prezident İlham Əliyev bildirdi ki, istər 2020-ci, istərsə
də 2023-cü ildə Azərbaycan Ermənistan şəhərlərini Ağdamın
vəziyyətinə qoya bilərdi. Lakin dövlət başçısı qeyd etdi ki,
Azərbaycan bunu nahaq iş hesab etdiyi, habelə, sülh istədiyi,
müharibəni dayandırmaq niyyətində olduğu üçün bunu etmədi.
Bu fakt bir daha Azərbaycan Ordusunun, onun Müzəffər Ali Baş
Komandanının nə qədər humanist olduğunu, müharibə zamanı belə sülhə
xidmət etdiyini göstərir. Və bu fakt onu deməyə əsas verir ki,
dünya Azərbaycan Ordusunun müharibə təcrübəsi ilə yanaşı, həm də
humanizmini öyrənməli, bundan özü üçün lazımi nəticələr
çıxarmalıdır”.

